Elmi şuranın iclasında regional və multikultural folklor mühitlərinin araşdırılması üzrə hesabatlar müzakirə edilib

Elmi şuranın iclasında regional və multikultural folklor mühitlərinin araşdırılması üzrə hesabatlar müzakirə edilib

10 Dekabr 2025, 16:42 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Elmi şurasının genişləndirilmiş iclasında regional və multikultural folklor mühitlərinin tədqiqi istiqamətində fəaliyyət göstərən şöbələrin 2025-ci il üzrə illik hesabatları müzakirə olunub. Hibrid formatda keçirilən iclasda, şöbələrin elmi və elmi-təşkilati fəaliyyətləri, aparılan tədqiqatlar və dərc olunan işlər, sahədən folklorun toplanılması, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrinin nəticələri təqdim edilib.

İclasda ilk olaraq Cənubi Azərbaycan folkloru şöbəsinin 2025-ci il üzrə hesabatı dinlənilib. Şöbə müdiri, filologiya elmləri doktoru Mətanət Abbasova şöbə tərəfindən il ərzində həyata keçirilən geniş tədqiqat fəaliyyəti və əldə olunan əsas elmi nəticələr barədə məlumatı təqdim edib. Hesabata görə, cari ildə şöbədə dörd əsas istiqamət üzrə araşdırmalar aparılmışdır.

2025-ci ildə şöbə tərəfindən "Güney Azərbaycan folkloru" seriyasından XVIII cild nəşrə hazırlanmış, eləcə də “Koroğlu” dastanının Cənubi Azərbaycan variantlarının toplanması və təhlili ilə bağlı əhəmiyyətli işlər görülmüşdür. Dastanın müxtəlif variantları, xüsusən də Cənubi Azərbaycan variantı üzərində araşdırmalar davam etdirilmiş, bu sahədəki tədqiqatlar yeni və zəngin məlumatlarla tamamlanmışdır.

Bundan əlavə, Cənubi Azərbaycan folklorunun öyrənilməsi və toplanması sahəsində 10 ölkədaxili, 4 xarici konfransda fəal iştirak edilmiş, şöbə əməkdaşları Cənubi Azərbaycan folklorunun yazılı mətnlərindəki variantlarının müqayisəsi, folklor tədqiqatlarının tarixi və Koroğlu dastanının müxtəlif versiyalarının təhlili mövzularında məruzələr təqdim etmişlər.

Şöbə əməkdaşları 2025-ci il ərzində yerli elmi jurnallarda 3 məqalə, 1 dərslik və 1 monoqrafiya nəşr etdirmişdir. Ümumilikdə, şöbədə Cənubi Azərbaycan folklorunun toplanılması və sistemləşdirilməsi sahəsindəki işlər genişləndirilmiş, türk xalq dastanlarının nəşrə hazırlanması üzrə fəaliyyət davam etdirilmişdir.

Daha sonra AMEA Folklor İnstitutunun Azsaylı xalqların folkloru şöbəsinin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatı şöbə müdiri, filologiya elmləri doktoru Oruc Əliyev tərəfindən təqdim edilib. Hesabatda bildirilib ki, şöbə il ərzində azsaylı xalqların folklorunun tədqiqi sahəsində bir sıra nəticələr əldə edib. Cari ildə tədqiqatlar, əsasən, azsaylı xalqların folklorunda inanc sistemləri və mifik təsəvvürlərin araşdırılması, Dərbəndli Aşıq Niftullanın dastanlarının təhlili və ləzgi sehrli nağıllarının janr xüsusiyyətlərinin öyrənilməsi mövzularını əhatə edib. Bu araşdırmalarda həmçinin Azərbaycan və Dağıstan folklor nümunələrinin müqayisəli təhlilinə də yer verilib. Eyni zamanda, azsaylı xalqların folklorunun müasir vəziyyəti, yeni toplama işləri və nəşrə hazırlanan kitablar barədə məlumat verilib. Ümumilikdə, 2025-ci ildə şöbə əməkdaşları 18 məqalə hazırlamış, bunlardan biri xarici, dördü yerli elmi jurnallarda çap olunmuşdur. Həmçinin, 10 elmi məqalə çap prosesindədir.

İclasda həmçinin Qərbi Azərbaycan folkloru şöbəsinin 2025-ci il üzrə hesabatı da dinlənilib. Hesabatı müvafiq şöbənin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli təqdim edib. Şöbə müdiri, təqdimatında Qərbi Azərbaycan folklorunun tədqiqi üzrə aparılan işlərin əhəmiyyətini və cari ildə əldə olunan nəticələri diqqətə çatdırıb. O, həmçinin şöbənin yaranma tarixindən və keçən dövr ərzindəki mühüm nailiyyətlərindən bəhs edib. Alim qeyd edib ki, Qərbi Azərbaycan irsinin müxtəlif aspektlərdən – folklorşünaslıq, dilçilik, tarixşünaslıq və s. rakurslardan araşdırılması ilə bağlı AMEA ilə Qərbi Azərbaycan İcması arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Xüsusilə də, Qərbi Azərbaycan folklor yaddaşının toplanılması, təhlili, nəşri və təbliği istiqamətində Folklor İnstititunun müvafiq şöbəsi ilə İcmanın birgə fəaliyyəti mühüm nəticələrin əldə olunmasına şərait yaradır. 

Əziz Ələkbərli qeyd edib ki, ötən illərdə olduğu kimi cari ildə də Azərbaycanın müxtəlif bölgələrində yaşayan Qərbi Azərbaycan sakinlərindən folklor nümunələrinin toplanması və təhlili ilə yanaşı, bu zəngin mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində mühüm işlər görülmüşdür. Xüsusilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri olaraq, bu sahənin daha da inkişafı üçün mühüm addımlar atıldığını bildirib.

Hesabatda həmçinin, Qərbi Azərbaycan folklorunun tədqiqi istiqamətində aparılan digər mühüm layihələrə də toxunulub. Əziz Ələkbərli, "Qərbi Azərbaycan Ensiklopediyası"nın hazırlanması prosesinə dair məlumat verərək, bu ensiklopediyanın regionun mədəni irsinin sistemli şəkildə sənədləşdirilməsi və dünyaya təqdim edilməsi baxımından vacib bir elmi mənbə olduğunu qeyd edib. Qərbi Azərbaycan folklorunun zənginliyini və tarixi əhəmiyyətini vurğulayan Əziz Ələkbərli, bu sahədə gələcəkdə daha da genişləndirilmiş tədqiqatların həyata keçirilməsinin zəruriliyini də bildirib.

Hesabatda vurğulanıb ki, 2025-ci il ərzində Qərbi Azərbaycan folkloru şöbəsi həm kitabların nəşri, həm də elmi məqalələrin dərci sahəsində aktiv fəaliyyət göstərmişlər. Şöbə müdiri Əziz Ələkbərli tərəfindən Azərbaycan, ingilis və rus dillərində “Qərbi Azərbaycan irsi” kitabının 1-ci cildi çap olunmuş, şöbə əməkdaşları isə müxtəlif elmi jurnallarda folklor, mərasimlər, etnik-mədəni ənənələr və şifahi irs üzrə məqalələr dərc etdirmişlər.

Ümumilikdə, 2025-ci il üzrə AMEA Folklor İnstitutunda regional və multikultural folklor mühitlərinin tədqiqi istiqamətində mühüm əhəmiyyətli işlər görülmüş, müvafiq şöbələrin həyata keçirdiyi tədqiqatlar, toplama və nəşrlər, həmçinin kadr hazırlığı və beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan nəticələr institutun elmi fəaliyyətinin keyfiyyətini və mədəni irsinin qorunması istiqamətindəki töhfəsini əyani şəkildə nümayiş etdirir.