XƏBƏRLƏR
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu başa çatıb
Azərbaycan zurna-balaban sənətinin ustadı Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunmuş I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu öz işini uğurla başa vurub.
Simpozium çərçivəsində 20 noyabrda üç, 21 noyabrda isə altı panel iclası, həmçinin üç onlayn sessiya təşkil olunub. Plenar məruzələr də daxil olmaqla ümumilikdə 77 elmi çıxış dinlənilib. İki gün ərzində məruzələr Əli Dədə, Balaban, Sarı Gəlin, Uzundərə, Tərəkəmə və Əzizə Cəfərzadə adlı salonlarda təqdim olunaraq ənənəvi musiqi irsinin müxtəlif istiqamətlərini əhatə edən elmi müzakirələrə geniş imkan yaradıb. Məruzələr əsasən türk dünyasında zurna, balaban, tar və kamança kimi ənənəvi alətlərin ifa xüsusiyyətləri, folklor janrları, musiqi və söz irsi arasındakı əlaqələr, regional musiqi xüsusiyyətləri, həmçinin musiqi mədəniyyətinin qorunması kimi mövzuları əhatə edib.
Simpoziumun bağlanış iclası AMEA-nın əsas binasında keçirilib. İclas Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev, AMEA-nın müxbir üzvü, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru Erhan Özdenin sədrliyi ilə baş tutub.
Çıxış edən natiqlər simpoziumun elmi əhəmiyyətini yüksək qiymətləndirərək, türk dünyasının ortaq mədəni irsinin tədqiqi və gələcək nəsillərə ötürülməsində belə platformaların rolunu xüsusi vurğulayıblar. Natiqlər qeyd ediblər ki, simpoziumda səsləndirilən məruzələr yeni tədqiqat istiqamətləri açmaqla yanaşı, türk dünyasının mədəni inteqrasiyasının güclənməsinə də mühüm töhfə verir.
Folklor İnstitutunun direktoru Hikmət Quliyev çıxışında simpoziumun elmi əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki: “Türk dünyasının ortaq musiqi irsinin müasir elmi-nəzəri konsepsiyalar əsasında araşdırılması milli-mədəni yaddaşın qorunması və təbliğinin ən mühüm istiqamətlərindən biridir". O, iki gün ərzində təqdim olunan məruzələrin ənənəvi musiqi və mədəni kimlik sahəsində tədqiqatlar üçün yeni baxışlar açacağını və bu istiqamətdə elmi perspektivləri genişləndirəcəyini qeyd edib.
AMEA-nın müxbir üzvü, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə çıxışında simpoziumun türk dünyasının mədəni kimliyinin tədqiqi baxımından əhəmiyyətini vurğulayaraq deyib: “Belə bir simpozium çərçivəsində ayrı-ayrı türk xalqlarının ənənəvi musiqi mədəniyyətinin araşdırılması, bütövlükdə ortaq türk mədəniyyətinin öyrənilməsi üçün geniş imkanlar açır". O, ənənəvi musiqinin mədəni sivilizasiyanın mühüm təzahürü olduğunu, simpoziumun isə müxtəlif türk xalqlarının ortaq dəyərlərini elmi müstəvidə araşdırmaq üçün vacib platforma rolunu oynadığını əlavə edib.
Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova çıxışında qeyd edib ki, simpoziumda səsləndirilən məruzələr həm nəzəri, həm də praktik baxımdan yüksək elmi səviyyəsi ilə seçilib: “Ənənəvi musiqi bizə təkcə keçmişi anlamağı deyil, həm də gələcəyi qurmağı öyrədir". O, simpoziumun gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırdığını və musiqişünaslıq sahəsində yeni yanaşmaların formalaşmasına təkan verdiyini xüsusi vurğulayıb.
“Ortaq musiqi mirası bizi tarixin müxtəlif mərhələlərindən bu günə daşıyan mədəni bağdır”, – deyən Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru, professor Erhan Özden türk dünyasının musiqi irsinin birləşdirici funksiyasını önə çəkib. O, simpoziumun təqdim olunan tədqiqatların gələcəkdə birgə elmi işlər, layihələr və institusional əməkdaşlığın genişlənməsinə ciddi zəmin yaratdığını, toplanan materialların isə mədəni yaddaşın müasir şəraitdə qorunmasına xidmət etdiyini bildirib.
Bağlanış iclasında panel rəhbərləri – sənətşünaslıq doktoru, professor Abbasqulu Nəcəfzadə, professor Kubilay Gürbüz, professor Ramil Əliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Çolpan Turumbayeva çıxış edərək iki gün ərzində aparılan elmi müzakirələrin əhəmiyyətini vurğulayıblar. Onlar qeyd ediblər ki, müzakirə olunan məruzələrin tematik zənginliyi və müxtəlif elmi istiqamətləri bir araya gətirməsi simpoziumun ümumi elmi dəyərini daha da artırıb.
Simpoziumun bağlanış mərasimində həmçinin sənətşünaslıq doktoru, professor İlqar İmamverdiyev, sənətşünaslıq doktoru, professor İlham Nəcəfov, professor Yavuz Selim Kafkasyalı, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi İdarə Heyətinin sədr müavini Zamiq Yunisov, Azərbaycan Milli Konservatoriyasının doktorantı Mahirə Quliyeva çıxış edərək simpoziumun uğurla keçdiyini, təqdim olunan məruzələrin yüksək elmi səviyyəsini və belə beynəlxalq platformaların ənənəvi musiqi irsinin tədqiqi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığını bildiriblər.
Qeyd edək ki, tədbir AMEA Folklor İnstitutu, AMEA Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Musiqi və Gözəl Sənətlər Universiteti, Ərzincan Binali Yıldırım Universiteti, Kars Kafkas Universiteti Dövlət Konservatoriyası, Əhməd Yəsəvi Uluslararası Türk-Qazax Universiteti, Azərbaycan Aşıqlar Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Union Printing Group MMC və “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.


















