XƏBƏRLƏR
Folklor İnstitunun əməkdaşı beynəlxalq konfransda məruzə edib
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova Türkiyənin Qaziantep şəhərində təşkil olunan “12-ci Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu”nda elmi məruzə ilə çıxış edib.
Tədbir Uşaq və Gənclik Ədəbiyyatı Yazarları Birliyi, Türkiyə Cumhuriyyəti Qaziantep Valiliyi, UNESCO Türkiyə Milli Komissiyası, Qaziantep İl Milli Təhsil Müdirliyi, Qaziantep Universiteti, Qaziantep İslam Elm və Texnologiya Universiteti və QBB Mədəniyyət qurumlarının birgə təşkilatçılığı ilə həyata keçirilmiş və müxtəlif ölkələrdən mütəxəssislərin iştirakını təmin etmişdir.
“Azərbaycan və Anadolu kültüründə uşaqlara yönəlik ritualistik uyğulamalar” adlı məruzə ilə çıxış edən dosent Məleykə Məmmədova Azərbaycan və Anadolu coğrafiyalarında uşaqlarla bağlı icra olunan ritualların funksional mahiyyəti, semantik strukturu, arxaik qatları və etno-mədəni əsasları haqqında elmi mülahizələrini təqdim edib. Məruzə müasir folklor tədqiqatları müstəvisində ritual davranışların uşaqlıq mərhələsi ilə əlaqəli semantik modellərinin təhlili baxımından diqqət çəkib.
Bundan əlavə, Məleykə Məmmədova simpozium çərçivəsində təşkil olunan bölmələrdən birinə moderatorluq etmiş, elmi müzakirələrin aparılması, məruzələrarası əlaqələrin müəyyənləşdirilməsi və bölmənin ümumi elmi istiqamətinin koordinasiyası sahəsində səmərəli fəaliyyət göstərib.
Qeyd edək ki, 2014-cü ildən etibarən hər il oktyabr ayında təşkil olunan "Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu"nun 12-ci buraxılışı 2025-ci ilin Ailə ili elan edilməsi münasibətilə xüsusi əhəmiyyət kəsb edir. Bu ilki simpoziumun əsas mövzusu "Uşaq, ailə və uşaq ədəbiyyatı / Uşaq ədəbiyyatında ailə" olaraq müəyyən edilmişdir.



