AMEA FOLKLOR İNSTİTUTUNUN ALİMLƏRİ OSMANİYYƏDƏ KEÇİRİLƏN BEYNƏLXALQ “DƏDƏ QORQUD / QORQUD ATA” SİMPOZİUMUNDA İŞTİRAK EDİBLƏR

AMEA FOLKLOR İNSTİTUTUNUN ALİMLƏRİ OSMANİYYƏDƏ KEÇİRİLƏN BEYNƏLXALQ “DƏDƏ QORQUD / QORQUD ATA” SİMPOZİUMUNDA İŞTİRAK EDİBLƏR

21 Noyabr 2025, 14:44 / Əməkdaşlıq

12 noyabr 2025-ci il tarixində Türkiyənin Osmaniyyə şəhərində, Qorqud Ata Universitetində “Uluslararası Dedə Qorqud / Qorqud Ata” Simpoziumu keçirilib Türk dünyasının aparıcı elmi qurumlarının qatıldığı mötəbər tədbirdə AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, f.e.d., professor Ramazan Qafarlı və Mifologiya şöbəsinin müdiri, f.e.d., professor Seyfəddin Rzasoy iştirak ediblər.

Simpoziumun açılış iclasında elm və dövlət qurumlarının rəhbərləri ilə yanaşı, professor Ramazan Qafarlı da məruzə ilə çıxış edib. Alimin “Dədə Qorqudda Məkan arayışları: ‘Dədə Qorqud Araşdırmaları Platformasının gerçəkləşdirilməsi” adlı məruzəsi geniş maraq doğurub. Tədqiqatda “Dədə Qorqud Kitabı”nın təkcə ədəbi abidə deyil, türk xalqlarının mədəni yaddaş modeli olduğu, eposun şifahi ənənədən yazılı mərhələyə və oradan rəqəmsal platformalara transferinin yeni metodoloji yanaşmalar tələb etdiyi elmi əsaslarla izah olunub.

Simpoziumun altıncı oturumunda professor Seyfəddin RzasoyDədə Qorqud dastanının Alp Aruz variantının bərpası” mövzusunda məruzə ilə çıxış edib. Alim Oğuznamə ənənəsinin inkişaf mərhələlərini və “Kitabi-Dədə Qorqud”la arasındakı poetik-ideoloji fərqləri izah edərək Alp Aruzun ayrıca variant kimi mövcudluğu barədə elmi yanaşmasını təqdim edib. Məruzədə psixoanalitik, funksional və sosial-antropoloji yanaşmaların tətbiqi tədqiqatın yeniliyini daha da gücləndirib.

Tədbirin növbıti günü professor Ramazan Qafarlı simpoziumun 9-cu oturumunda “Dədə Qorqud Kitabı: tarixi nüsxələrdən dijital platformalara türk epik mirasının dönüşümü” adlı ikinci məruzəsini səsləndirib. Araşdırmada Drezden, Vatikan, Günbəd və Bursa nüsxələrinin müqayisəli təhlili əsasında eposun çoxvariantlı strukturu və rəqəmsal humanitar elmlər kontekstində inkişaf perspektivləri təqdim olunub. Alim “Dədə Qorqud”u Türk Dövlətləri Birliyinin mədəni DNT-si kimi qiymətləndirib.

Simpoziumun sonunda professor Ramazan Qafarlı elm və mədəniyyət sahəsində xidmətlərinə görə “Türkiyə Cümhuriyyətinin Bayrağı” mükafatı ilə təltif olunub. AMEA Folklor İnstitutunun nəşrləri və 10 diskdən ibarət “Azərbaycan Xalq Dastanları” albomu simpozium rəhbərliyinə təqdim edilib.