XƏBƏRLƏR
Azərbaycan Milli Konservatoriyasının rektoru: “Ənənəvi musiqi sahəsində elmi mübadilənin gücləndirilməsi strateji əhəmiyyət daşıyır”
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu çərçivəsində təqdim olunan fikir və təşəbbüslər Türk xalqlarının ortaq musiqi irsinin sistemli şəkildə araşdırılmasına, yeni tədqiqat layihələrinin formalaşmasına və regional mədəni əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək.
Bu fikirləri Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaş-zadə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunda çıxışı zamanı səsləndirib.
Alim simpoziumun türk xalqlarının mədəni inteqrasiyası, elmi əməkdaşlıq mühiti və ortaq mədəni dəyərlər ətrafında sıx birləşməsi üçün mühüm platforma rolunu oynadığını bildirib.
Professor Kamilə Dadaş-zadə tədbirin əsas məqsədinin türksoylu xalqların ənənəvi musiqi mədəniyyəti sahəsində apardığı tədqiqatların ümumiləşdirilməsi, yeni elmi nəticələrin paylaşılması və aktual yanaşmaların müzakirəsindən ibarət olduğunu qeyd edib.
Onun sözlərinə görə, XXI əsrdə postqlobal dünyada müşahidə olunan mürəkkəb ictimai-mədəni proseslər fonunda türk xalqlarının etnik kimliyinin mühüm göstəricisi olan ənənəvi musiqinin müasir elmi paradiqma çərçivəsində araşdırılması zərurətə çevrilib. Bu baxımdan simpozium həm nəzəri, həm də praktik tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi üçün mühüm imkanlar yaradır.
Rektor bildirib ki, bu elmi tədbir yalnız mədəni irsin qorunmasına deyil, həm də Türk dünyasında mədəni inteqrasiyanın optimal yollarının müəyyənləşdirilməsinə, ortaq musiqi yaddaşının gələcək nəsillərə ötürülməsinə xidmət edir. O, ənənəvi musiqinin türk xalqlarını birləşdirən mənəvi və tarixi bağlardan biri olduğunu deyərək, bu sahədə elmi mübadilənin güclənməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Professor Kamilə Dadaş-zadə, həmçinin cari ildə musiqişünas-alim Tahirə Kərimovanın ustad sənətkar Kalvalı Əli Dədənin yaradıcılığına həsr olunmuş “Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” kitabının çap olunduğunu diqqətə çatdırıb, bu nəşri Türk dünyasının musiqi irsinə dəyərli töhfə kimi qiymətləndirib. O, kitabın həm elmi ictimaiyyət, həm də ənənəvi musiqi araşdırmacıları üçün əhəmiyyətli mənbə kimi çıxış etdiyini bildirib.