Folklorşünas alimlər “kənd konservatizmi, şəhər liberalizmi və internet karnavalizmi” kontekstində folklorun elmi-nəzəri məsələlərini müzakirə ediblər

Folklorşünas alimlər “kənd konservatizmi, şəhər liberalizmi və internet karnavalizmi” kontekstində folklorun elmi-nəzəri məsələlərini müzakirə ediblər

18 Noyabr 2025, 09:12 / Müsahibələr, çıxışlar

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə DAHA.tv-nin birgə layihəsi olan “Beyin fırtınası” verilişinin növbəti buraxılışı “Ənənəvi və texnokulturoloji mühitdə folklor: kənd konservatizmi, şəhər liberalizmi və internet karnavalizmi” mövzusuna həsr edilib.

Proqramın qonaqları filologiya elmləri doktoru Sərxan Xavəri, filologiya elmləri doktoru Hikmət Quliyev və filologiya elmləri doktoru Səfa Qarayev olublar. Moderatoru tanınmış yazıçı, şair və publisist Aqşin Yenisey olan verilişdə alimlər çağdaş folklorşünaslığın bir sıra aktual nəzəri-metodoloji problemlərinin müxtəlif aspektlərdən analiz ediblər. Müzakirələr, əsasən, aşağıdakı suallar ətrafında aparılıb:

Müasir folklorşünaslıq diskursunda “xalq” və “bilik” anlayışları hansı mənaları kəsb edir?

Necə olur ki, folklor ənənəsi zamanın axarında həm “keçmişin səsi”, həm “bu günün reallığı”, həm də “gələcəyin kodu” kimi mövcud olur?

Folklorun sosial mühitlər arasında (kənd–şəhər–internet) keçidi mədəni kimliyi necə yenidən kodlaşdırır?

Ənənə “donuq miras”, yoxsa “dinamik enerji”dir? Folklor bu enerjini hansı yollarla hərəkətə gətirir?

Folklorda müşahidə edilən simvolik davranış və obrazların psixoanalitik interpretasiyası cəmiyyətin gizli emosional ehtiyaclarını və travmatik təcrübələrini hansı mexanizmlərlə üzə çıxarır?

Virtual məkanda yaranan yeni folklor modelləri (memlər, ironik narrativlər, onlayn karnavalizm) fərdi və kollektiv psixikanın sublimasiya, proyeksiya və kompensasiya proseslərini hansı şəkildə aktuallaşdırır?

İnternet folklorunun ənənəvi folklordan fərqli olaraq yaratdığı yeni məzmun, ünsiyyət modeli və sosial funksiyalar hansılardır?

Virtual mühitin ənənəni qoruyan, transformasiya edən və ya dağıdan qüvvə kimi müxtəlif rolları hansılardır?

Diskusiyanın mərkəzində hazırda dünya folklorşünaslığının aparıcı xətti olan folklorun yalnız “mətndən ibarət” hadisə olmadığı, əksinə, sosial-antropoloji və psixoloji dinamikalarla sıx bağlı canlı mədəni proses olduğu fikri dayanıb.

Alimlər qeyd ediblər ki, folklorun yalnız mətn strukturu üzərindən deyil, həm ənənəvi kənd, həm urban mədəniyyət, həm də virtual mühit kimi müxtəlif sosial məkanlarda necə funksionallaşdığına baxmaq müasir folklorşünaslığın qarşısında duran ən vacib vəzifələrdəndir.

Nəticə etibarilə, “Beyin fırtınası”nda aparılan müzakirələr folklorşünaslığın həm elmi-intellektual müstəvidə, həm də müasir sosial-mədəni praktikada aktuallığını bir daha ortaya qoyub və folklora yalnız keçmişin mirası kimi deyil, daim yenilənən sosial enerji kimi yanaşmağın vacibliyini vurğulayıb.