XƏBƏRLƏR
                Folklor İnstitutunda Xəzər Universitetinin tələbələrinin elmi-tədqiqat təcrübələri uğurla davam edir
Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial Elmlər Fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə IV kurs tələbələri 2025–2026-cı tədris ilinin payız semestri çərçivəsində AMEA Folklor İnstitutunda folklor elmi-tədqiqat təcrübəsinə başlayıblar. Təcrübə, tələbələrin tədris prosesində əldə etdikləri nəzəri bilikləri müasir elmi yanaşmalar kontekstində tətbiq etmələri və onlarda tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi məqsədini daşıyır.
Tələbələr AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev tərəfindən qarşılanıblar. Görüş zamanı Folklor İnstitutunda aparılan elmi-tədqiqat işləri, əldə olunan mühüm nailiyyətlər və dövri nəşrlər barədə ətraflı məlumat verilib. Həmçinin, son dövrlərdə nəşr olunan elmi monoqrafiyalar və yeni toplanmış folklor örnəklərindən ibarət kitablar haqqında təqdimatlar keçirilib.
Tədbir çərçivəsində tələbələri maraqlandıran folklorun toplanılması, akademik prinsiplər əsasında araşdırılması və digər aktual mövzular müzakirə edilib.
Qeyd edək ki, tələbələrin elmi-tədqiqat təcrübəsi dekabr ayının sonunda başa çatacaq.
      
                  

