XƏBƏRLƏR
Folklor İnstitutunun professoru beynəlxalq konfransda məruzə edib
AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı Uluslararası Balkan Universiteti (IBU) və Balkanlarda Türk Dili və Ədəbiyyatı Araştırmaları (BALTED) tərəfindən Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan II. Uluslararası Balkanlarda Türk Dili ve Edebiyatı Araştırmaları Simpoziumunda (BALTES 2025) iştirak edib.
“Türk dastanlarının semiotik arxetipləri və sinergetik inkişaf dinamikası: Balkan dastanları ilə müqayisəli təhlil” mövzusunda məruzə ilə çıxış edən professor Ramazan Qafarlı türk epik sisteminin dərin struktur kodları, arxaik yaddaş qatları, kollektiv şüur modeli və sinergetik inkişaf mexanizmini araşdıraraq bu modeli Balkan epik ənənəsi ilə müqayisəli müstəvidə təqdim edib.
Bəlli olduğu kimi, qloballaşma dövründə mədəni kimlik, tarixi yaddaş və milli-mənəvi özünüdərk məsələləri mərkəzi elmi mövzulardan biridir. Türk dünyasının epik irsi yalnız folklor nümunəsi kimi deyil, həm də tarixi yaddaş sistemi, özünütəşkil modeli və mənəvi təhlükəsizlik mexanizmi kimi dəyərləndirilir. Məruzə bu kontekstdə türk dastanlarının mədəni kod sistemini açır və onların Balkan epik irsi ilə qarşılıqlı əlaqələrini yeni nəzəri prizma ilə təqdim edir.
Məruzədə qoyulan problemə semiotika, sinergetika, arxetip nəzəriyyəsi, komparativ folklor və diskurs analizi daxil olmaqla müasir multidissiplinar metodologiyaya əsasında yanaşılıb. Tədqiqatda Y.Lotman, K. Yung, Mirça Eliade, H.Haken kimi müəlliflərin nəzəri yanaşmaları türk və Balkan dastanlarının semantik və struktur təhlili ilə birləşdirilib. Bu yanaşma epik mətni yalnız ədəbi fakt kimi deyil, həm də kollektiv idrak forması, kosmoqonik model, sosial psixoloji bərpa mexanizmi, mədəni enerji sistemi kimi izah edir.
Professor Ramazan Qafarlı məruzəsində bir sıra elmi nəticələr irəli sürmüşdür. Alimə görə, türk epik sistemi xaosdan kosmosa keçid modelinə əsaslanır və “yenidən dirilmə” ideyasını daşıyır. “Dədə Qorqud”, “Koroğlu” və digər dastanlar kollektiv kimliyin dinamik yaddaş kodunu formalaşdırır. Balkan epik ənənəsində qəhrəman obrazı daha çox mənəvi müqavimət və sublimasiya funksiyası daşıyır. Türk epikasında qəhrəman sosial nizamı bərpa edən, xalqı birləşdirən qüvvə kimi çıxış edir; Balkan epikasında isə tarixi travma fonunda mənəvi qalibiyyət arxetipi önə çıxır.
Qeyd edək ki, Balkan–Türk mədəni əlaqələrinin tarixi və aktual müstəvidə qiymətləndirilməsi üçün mühüm platforma olan BALTES 2025 türkoloji araşdırmaların regional və beynəlxalq miqyasda dərinləşdirilməsi məqsədilə keçirilir. Simpozium materiallarının elmi ictimaiyyətə təqdim olunması gözlənilir.


