Folklor İnstitutunun Elmi şurasında mühüm məsələlər müzakirə olunub

Folklor İnstitutunun Elmi şurasında mühüm məsələlər müzakirə olunub

16 Oktyabr 2025, 16:09 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Elmi Şurasının növbəti iclasında bir sıra mühüm elmi və elmi-təşkilati məsələlər müzakirə edilib. Toplantıda folklorşünaslıq ixtisası üzrə doktorantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi, beynəlxalq elmi əməkdaşlıq sahəsində görülən işlər, həmçinin vakant vəzifələrə seçkilərlə bağlı qərarlar qəbul olunub.

İclasda institut rəhbərliyi, Şura üzvləri və gündəlikdəki məsələlərlə əlaqədar şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə institutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev açaraq, Folklor İnstitutunun son dövrlərdə fəal iştirak etdiyi elmi və mədəni tədbirlər barədə məlumat verib. Alim, xüsusilə XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA tərəfindən təşkil olunan Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbir barədə danışaraq qeyd edib ki, Folklor İnstitutu sərgidə Qarabağ, Qərbi Azərbaycan və Zəngəzur folkloruna həsr edilmiş 30-dan artıq nəşr təqdim edib.

Hikmət Quliyev, həmçinin İnstitutun həmtəşkilatçılığı ilə keçirilən “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” adlı beynəlxalq elmi simpozium haqqında məlumat verib. O bildirib ki, AMEA Rəyasət Heyətinin qərarına əsasən, simpozium materiallarının nəşri nəzərdə tutulur.

Daha sonra Türk xalqları folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər “Azərbaycan folklorşünaslığının müasir problemləri” mövzusunda məruzə ilə çıxış edib. O, folklorun toplanması, sistemləşdirilməsi, nəşri, kataloqlaşdırılması və arxivləşdirilməsi məsələləri üzərində dayanaraq qeyd edib ki, folklor tədqiqatlarının keyfiyyəti ilk növbədə xalq yaradıcılığı nümunələrinin akademik prinsiplər əsasında toplanması və nəşrindən asılıdır.

Professor həmçinin nəzəri və təcrübi biliklərin vəhdətinin vacibliyini vurğulayıb, son illərdə nəşr edilən folklor örnəklərinin elmi tədqiqatlarda və dissertasiya işlərində yetərincə istifadə olunmadığını qeyd edib. O, yüksəkixtisaslı kadr hazırlığında keyfiyyətin artırılmasının və tədqiqat mövzularında aktual problemlərə diqqətin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Məruzə ətrafında filologiya elmləri doktoru Səfa Qarayev və professor Füzuli Bayat çıxış edərək, mövzunun aktuallığını qeyd edib və folklorşünaslığın müasir problemlərinin davamlı şəkildə müzakirə olunmasının, nəzəri-metodoloji yanaşmaların inkişaf etdirilməsinin vacibliyini bildiriblər.

İclasda həmçinin bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub. İnstitutun direktoru Hikmət Quliyev oktyabr ayında Qazaxıstanın Qızılorda şəhərində keçirilən “Dədə Qorqud mirası: Türk dünyasının ortaq epik dəyərləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirakı barədə məlumat verib. O, tədbir çərçivəsində AMEA Folklor İnstitutu ilə Özbəkistan Elmlər Akademiyasının Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi arasında elmi əməkdaşlıq haqqında Memorandumun imzalandığını diqqətə çatdırıb.

Elmi Şura iclasında 2025-ci ildə Folklor İnstitutunun doktoranturasına qəbul olunmuş doktorantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi məsələsinə də baxılıb. Hikmət Quliyev çıxışında bildirib ki, mövzuların seçilməsində AMEA-da həyata keçirilən islahatlar, ölkənin mədəni-mənəvi inkişaf prioritetləri və müasir elmi çağırışlar nəzərə alınıb. Bu il dissertasiya mövzularında sosial-antropoloji yanaşmalara və  əsaslı yanaşmaya əsaslanan problemlərə üstünlük verildiyi vurğulanıb. Müzakirələrdən sonra 5 doktorantın mövzu və elmi rəhbər seçimi ilə bağlı AMEA-nın Humanitar Elmlər Bölməsinə vəsatət qaldırılması qərara alınıb.

Cari məsələlər sırasında filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədovaya ixtisas üzrə dosent elmi adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması ilə bağlı məsələyə baxılıb. Gizli səsvermənin nəticələri müsbət hesab edilərək, iddiaçıların dosent elmi adı alması üçün vəsatət qaldırılması qərara alınıb.