XƏBƏRLƏR
AMEA Folklor İnstitutu ilə Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi arasında elmi əməkdaşlıq memorandumu imzalanıb
Qazaxıstan Respublikasının Qızılorda şəhərində keçirilən “Dədə Qorqud mirası: Türk dünyasının ortaq epik dəyərləri” adlı beynəlxalq elmi-praktiki konfrans çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi arasında elmi əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Sənədi AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Hikmət Quliyev və Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor Cabbor Eşonkulov imzalayıblar.
Memorandumun məqsədi Azərbaycan və Özbəkistan alimləri arasında elmi əməkdaşlığı möhkəmləndirmək, ortaq elmi layihələr həyata keçirmək və türk xalqlarının ortaq folklor irsinin tədqiqini genişləndirməkdir.
Sənəddə tərəflərin aşağıdakı istiqamətlərdə birgə fəaliyyət göstərməsi nəzərdə tutulur:
- birgə elmi layihələrin hazırlanması və icrası;
- elmi kadrların hazırlanmasına dəstək və təcrübə mübadiləsi;
- ortaq elmi konfransların, simpoziumların və seminarların təşkili;
- arxiv və əlyazma materiallarının öyrənilməsi və birgə nəşrə hazırlanması;
- elmi məlumatların və nəşrlərin mübadiləsi;
- ortaq elmi ekspedisiyaların təşkili.
Memorandum Azərbaycan, özbək və ingilis dillərində tərtib olunub və beş il müddətinə qüvvədə olacaq.





