XƏBƏRLƏR
Folklor İnstitutunun direktoru Hikmət Quliyev Qərbi Azərbaycan Televiziyasında çıxış edib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın dəvəti ilə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Qərbi Azərbaycan Televiziyasının “Ziyalı” proqramının qonağı olub.
Verilişdə Azərbaycan folklor xəritəsinin ayrılmaz tərkib hissəsi olan Qərbi Azərbaycan folkloru mövzusu ətrafında geniş müzakirə aparılıb. Hikmət Quliyev çıxışında Qərbi Azərbaycan bölgəsinin zəngin folklor irsinin sistemli şəkildə toplanılması, nəşri və tədqiqi istiqamətində Folklor İnstitutunda həyata keçirilən çoxşaxəli işlərdən danışıb. Alim qeyd edib ki, Qərbi Azərbaycan folkloru təkcə bir bölgənin deyil, ümumazərbaycan mədəni yaddaşının mühüm parçasıdır. Onun sözlərinə görə, bu istiqamətdə aparılan tədqiqatlar həm xalq yaddaşının bərpası, həm də tarixi-mədəni irsimizin reaktuallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
Professor Mahirə Hüseynovanın moderatorluğu ilə keçirilən söhbət zamanı Qərbi Azərbaycan folklorunun arxivləşdirilməsi, ekspedisiya materiallarının rəqəmsallaşdırılması, yeni nəşr planları və elmi əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.
Sonda Hikmət Quliyev səmimi dəvətə, elmi, mədəni və starteji baxımdan mühüm əhəmiyyətə malik mövzunun müzakirəsinə görə professor Mahirə Hüseynovaya təşəkkürünü bildirib.