XƏBƏRLƏR
Sərxan Xavəri: “XI Bakı Beynəlxalq Kitab Sərgisi elm, mədəniyyət və ədəbiyyatın qarşılıqlı əlaqəsini gücləndirir”
XI Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycan elmi və mədəni həyatında mühüm hadisə kimi dəyərləndirilir. Kitab insan zəkasının, bilik və mənəviyyatın daşıyıcısı, bəşəriyyətin inkişafında mühüm rol oynayan ümumbəşəri dəyərdir. Bu kimi sərgilər elm, mədəniyyət və ədəbiyyatın qarşılıqlı əlaqəsini gücləndirir, cəmiyyətin intellektual potensialının inkişafına və milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir.
Bu fikirləri AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA tərəfindən təşkil olunan “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbirdə çıxışı zamanı bildirib.
Sərxan Xavəri qeyd edib ki, bu kimi beynəlxalq kitab sərgiləri Azərbaycanın elmi-mədəni potensialını nümayiş etdirməklə yanaşı, intellektual mühitin formalaşmasına, elmi fikir mübadiləsinin genişlənməsinə və kitab mədəniyyətinin inkişafına mühüm töhfə verir.
O, keçmişdən bu günə qədər Azərbaycan xalqının zəngin elmi və mədəni irsini yaşadan saysız-hesabsız kitabların ərsəyə gəldiyini, “Kitabi-Dədə Qorqud”, Füzulinin və Nizaminin “Divan”ları kimi əsərlərin milli kimliyimizin, tariximizin və mədəniyyətimizin yaddaşını qoruyub gələcək nəsillərə ötürən misilsiz mənbə olduğunu deyib. Bildirib ki, kitab təkcə bilik mənbəyi deyil, həm də xalqın tarixi təcrübəsini, mənəvi dünyasını və mədəni dəyərlərini özündə əks etdirən canlı yaddaşdır.
Şöbə müdirinin sözlərinə görə, “Böyük Qayıdış” proqramı çərçivəsində alimlərin qarşısında duran əsas vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin tarixi, mədəniyyəti, dili və folklorunun sistemli şəkildə öyrənilməsi, toplanmış materialların elmi əsaslarla tədqiq və nəşr edilməsidir. Bu istiqamətdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü işlər nəticəsində mühüm nailiyyətlər əldə olunmaqdadır.
Sərxan Xavəri AMEA-nın müxtəlif institutları tərəfindən aparılan tədqiqatların ölkə elminin inkişafına, Azərbaycanın elmi irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət etdiyini vurğulayıb.
Çıxışının sonunda o bildirib ki, kitablar keçmişi bu günlə birləşdirən, milli yaddaşımızı qoruyub saxlayan etibarlı namələrdir. Sevindirici haldır ki, AMEA ölkəmizdə bu dəyərli əsərlərin yaradılması və gələcək nəsillərə ötürülməsində aparıcı rol oynayan əsas elmi təşkilatdır. Bu kitablar tariximizin, mədəniyyətimizin və elmi irsimizin yaşadılmasına xidmət edərək gələcək nəsillər üçün mənəvi miras rolunu oynayacaq.