XƏBƏRLƏR
“Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbir Zəngəzur, Qarabağ və Qərbi Azərbaycanın folkloru ilə bağlı zəngin irsin qorunması, gələcək nəsillərə çatdırılması baxımından mühüm platformadır”
“Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbir Zəngəzur, Qarabağ və Qərbi Azərbaycanın zəngin folklor irsi ilə bağlı toplama və tədqiqat işlərinin təqdimatı baxımından mühüm platformadır. Eyni zamanda bu kitablar Azərbaycan mədəni-mənəvi coğrafiyasının, etnik-milli yaddaş resurslarının qorunması, gələcək nəsillərə çatdırılması baxımından da strateji əhəmiyyətə malikdir. Sərgidə folklorşünaslıq, etnoqrafiya, dilçilik, ədəbiyyatşünaslıq və digər istiqamətlərdə təqdim olunan əsərlər hazırki rəqəmsal transformasiyalar, qloballaşma və virtuallaşma çağında etnik-milli dəyərlərə olan təhlükələrin qarşısının alınması, bu istiqamətdə mədəni-intellektual immunitetin gücləndirilməsinə xidmət edir. Nəzərə almaq lazımdır ki, bu gün cəmiyyətimiz yalnız real sosial-mədəni mühitdə deyil, həm də virtual sosial-mədəni aləmdə yaşayır. Bu baxımdan rəqəmsal aləmdə xalqların öz mənəvi dəyərlərini, ədəbiyyatını, tarixini, folklor ənənələrini qoruyub saxlamaqla var olması zəruridir.
Bunu Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev XI Bakı Beynəlxalq Kitab Sərgi çərçivəsində AMEA tərəfindən təşkil olunmuş “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbirdə çıxışı zamanı bildirib.
Alim qeyd edib ki, builki XI Bakı Beynəlxalq Kitab Sərgisinin “Texno-insan: dünənin əfsanəsi, bugünün hadisəsi” mövzusuna həsr olunması da xüsusi məna daşıyır. Əslində, bu mövzu müasir dövrdə insan-mədəniyyət münasibətlərinin ən aktual problemlərindən biridir. Çünki biz artıq təkcə klassik insan modelindən yox, həm də texno-insan deyilən yeni bir sosial-mədəni reallıqdan danışırıq.
“Əgər dünən miflərimiz, dastanlarımız, mərasimlərimiz kollektivi birləşdirən yaddaş məkanı idisə, bu gün rəqəmsal mühit – sosial şəbəkələr, virtual platformalar həmin funksiyanı müəyyən mənada öz üzərinə götürməkdədir. Odur ki, hazırki texnososial, eləcə də texnokulturoloji proseslər öz İnsanını yetişdirir və həmin insanın yaratdığı mədəniyyət dinamik, mobil, cari gerçəkliyi də öz içərisində yaşadır. Beləliklə, folklorun transformasiyası texno-insanın həyati gerçəkliyi ilə sıx şəkildə bağlıdır” deyə Hikmət Quliyev qeyd edib. Alim Zəngəzur, Qarabağ və Qərbi Azərbaycanın folklor irsinin rəqəmsallaşdırılaraq müasir dünyanın tələblərinə uyğun şəkildə qorunması, araşdırılması və reaktuallaşdırılaraq canlı şəkildə yaşadılmasının zəruriliyini də diqqətə çatıdırıb.
Son illərdə AMEA-da istər fərdi müəlliflərin əsərlərinin, istərsə də çoxcildli kitabların nəşri istiqamətində ciddi irəliləyişin müşahidə olunduğunu söyləyən Hikmət Quliyev bildirib ki, bu dinamika AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi altında həyata keçirilən kompleks islahatların, sistemli tədbirlərin nəticəsidir. Bu gün sərgidə biz həmin fəaliyyətin nəticəsi olan ilkin tədqiqatlarla tanış oluruq.
O, tədbirdə aparılan müzakirələrin, səslənən fikirlərin Zəngəzurla bağlı yeni tədqiqatlara istiqamət verəcəyinə və gələcək araşdırmaların daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

