AMEA Folklor İnstitutunda “44 gün Qarabağda” adlı tədbir keçirilib

AMEA Folklor İnstitutunda “44 gün Qarabağda” adlı tədbir keçirilib

30 Sentyabr 2025, 12:44 / Konfranslar, İclaslar

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca “44 gün Qarabağda” sənədli filmi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən hər il 27 sentyabrın ölkəmizdə Anım Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. O bildirib ki, 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi Böyük Zəfərə aparan yolun başlanğıcı oldu.

Direktor çıxışında qeyd edib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitləri ilə yanaşı, xalqımız da bütün gücü ilə həmrəylik nümayiş etdirib. Məhz bu birlik və əzmkarlıq nəticəsində torpaqlarımız işğaldan azad olunub. Hikmət Quliyev, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici KİV-lərə verdiyi müsahibələrdə göstərdiyi prinsipial mövqeyin diplomatik və informasiya savaşında da ölkəmizin uğurunu təmin etdiyini vurğulayıb.

Sonra ehtiyatda olan polkovnik Eldəniz Namazov çıxış edərək bildirib ki, doğrudur, müharibədə çiyin-çiyinə vuruşduğumuz zabit yoldaşlarımızı, qardaşlarımızı itirdik, amma biz sevinirik ki, Vətən müharibəsi baş verdi və xoşbəxtik ki, həmin döyüşlərdə biz də iştirak etdik. “Çünki biz keçən 30 il ərzində torpaqlarımızın işğal altında olmağını öz qürurumuza sığışdıra bilmirdik, özümüzü təhqir olunmuş hesab edirdik”, – deyə o əlavə edib. Ehtiyatda olan polkovnik-leytenant Hüseyn Tanrıverdiyev isə çıxış edərək bildirib ki, Vətən müharibəsi zamanı göstərilən igidlik və birlik xalqımızın yaddaşında yaşayacaq, şəhidlərin qəhrəmanlığı gələcək nəsillər üçün hər zaman örnək olacaqdır.

Tədbirdə həmçinin Folklor İnstitutunun əməkdaşı, Birinci Qarabağ müharibəsi şəhidi, baş leytenant Adıgözəl Bəşirovun atası Aşur Adıgözəlov çıxış edərək şəhidlərin Vətən uğrunda fədakarlığından, onların xatirəsinin daim uca tutulmasının vacibliyindən söz açıb.

Daha sonra isə Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev qardaşı – Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qəhrəmanlıq yolundan danışıb, şəhidlərin igidliyinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb.

Folklor İnstitutunun şöbə müdiri, professor Füzuli Bayat İkinci Qarabağ müharibəsinə elmi rakursdan yanaşaraq, onun tariximiz və milli kimliyimiz üçün əhəmiyyətindən danışıb. Alimin sözlərinə görə, qəhrəmanlar haqqında sənədli və bədii filmlərin hazırlanması, ədəbi nümunələrin yaradılması və yazıların dərc olunması ziyalıların və tədqiqatçıların üzərinə düşən ən vacib vəzifələrdəndir.

Sonda Folklor İnstitutunun direktoru Hikmət Quliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsi eyni zamanda kollektiv mədəni yaddaşda, həmin zaman mərhələsində xalqın verdiyi reaksiyalarda təcəssümünü tapmış, belə demək mümkünsə, həm də folklorlaşmışdır. Onun sözlərinə görə, bu istiqamətdə institut tərəfindən müəyyən araşdırmalar aparılıb, xüsusilə də 27 sentyabr – 8 noyabr tarixlərində Azərbaycandilli virtual sosial mühitdə ortaya çıxan folklorik faktlar və rəqəmsal semiotik resurslar toplanaraq elmi təhlil olunub.