XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşı Macarıstanda keçirilən XIII Beynəlxalq Altay Topluluqları Simpoziumunda iştirak edib
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aynur İbrahimova Macarıstan Respublikasının Szeged Universitetində keçirilən 13-cü Beynəlxalq Altay Topluluqları Simpoziumunda məruzə ilə çıxış edib. Alim bu mötəbər elmi tədbirdə idarə heyətinin üzvü olmaqla yanaşı, bölmə moderatorluğunu da həyata keçirmişdir.
Ənənəvi olaraq hər il müxtəlif ölkələrdə təşkil olunan simpozium bu dəfə Macarıstanın Baş Nazirliyi, Szeged Universitetinin Rektorluğu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumu, Türk Tarix Qurumu, Türk Dünyası Bələdiyyələr Birliyi, İSTESOB, Türk Dövlətləri Təşkilatı və digər qurumların əməkdaşlığı ilə gerçəkləşdirildi.
Üç gün davam edən intensiv və səmərəli müzakirələrdə Türkiyə, Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Yaponiya, Koreya, Monqolustan, Çin, Çili, Almaniya və Rusiya Federasiyası olmaqla 150-yə yaxın alim və tədqiqatçı iştirak etmiş, ümumilikdə 135 elmi məruzə təqdim olunmuşdur.
“Azərbaycan türklərində adqoyma və onun milli-etnik anlamı” mövzusunda məruzə ilə çıxış edən Folklor İnstitutunun əməkdaşı Aynur İbrahimova advermə motivinin layla, nağıl, atalar sözləri və dastanlarda qəhrəmanın epik bioqrafiyasını tamamlayan magik ritual olmaqla yanaşı, bütün dövrlər üçün aktual məzmun daşıdığını vurğulamışdır. O, adqoyma ənənəsini Azərbaycan türklərinin mifoloji düşüncəsini, dini inanclarını, sosial quruluşunu və milli kimliyini əks etdirən mühüm etnoqrafik hadisə kimi dəyərləndirmişdir. Çıxışında nümunələr əsasında Azərbaycan coğrafiyasında rast gəlinən adların xalqımızın tarixi və mədəni həyatını əks etdirdiyini, antroponimiyanın özünəməxsus xüsusiyyətlərə malik olduğunu qeyd etmişdir. O, həmçinin adların seçilməsində dini inanclar, təbiət hadisələri, sosial status, bayramlar və ailə arzularının mühüm rol oynadığını, bu adların xalqın dini-mənəvi dəyərlərini, məişət xüsusiyyətlərini və etnopsixologiyasını özündə birləşdirdiyini diqqətə çatdırmışdır. Alim adqoyma ənənəsinin bu gün də yaşadılaraq xalqımızın mənəvi zənginliyini və milli kimliyini təsdiqləyən mədəni irs nümunəsi olaraq davam etdiyini vurğulamışdır.



