XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşı İctimai radionun “Can Azərbaycan” verilişinin qonağı olub
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Elçin Qaliboğlu İctimai radionun “Can Azərbaycan” verilişinin qonağı olub. Verilişdə Azərbaycan zurna-balaban sənətinin inkişaf tarixi, aşıq sənəti, ümumən Azərbaycan mədəniyyəti, incəsənəti ilə bağlılığı məsələri haqqında danışılıb. Bu il 150 illiyi qeyd edilən, çağdaş Azərbaycan zurna-balaban sənətinin ustadı Kalvalı Əli Dədənin yaradıcılığına həsr olunmuş 3 kitab – prof. İlqar İmamverdi və Əli İmamverdinin “Azerbaycan zurna-balaban icracılığı sanatının üstadı KALVALİ ALİ DEDE-150”, dos. Tahirə Kərimovanın “Azərbaycan musiqisinin Əli Dədə zirvəsi”, dos. Rauf Bəhmənlinin “Ustad Əli Dədənin rəqs melodiyaları” haqqında danışılıb, hər bir nəşrin özünəməxsus yaradıcı özəllikləri ilə bağlı bilgilər verilib.
Türkiyədə yaşayan T.Kərimova ilə canlı bağlantı yaradılıb, o, prof. Bayram Hüseynli ilə birgə bu mövzuda çalışdığını, ustadla canlı söhbətlərin sistemləşdirildiyini, ilk dəfə melodiyalarının nota alındığını (1984-cü ildə Moskvada “Ali Kerimov” kitabı çap olunub) bildirib. Bu nəşrdə birgə araşdırma ayrıca bölümdə nəşr olunub, sonrakı bölümdə T.Kərimovanın yeni araşdırması yer alıb. Ümumiyyətlə, kitabdakı materiallar iki dildə – Azərbaycan və rus dillərində işıq üzü görüb.
Prof. İlqar İmamverdi və Əli İmamverdinin “Azerbaycan zurna-balaban icracılığı sanatının üstadı KALVALİ ALİ DEDE-150” kitabında ustadla bağlı bütün bilgilər araşdırılıb, Azərbaycan-zurna balaban sənəti haqqında əsaslı faktlar, əsərlərinin not yazıları, habelə çoxsaylı fotolar təqdim olunub.
Rauf Bəhmənlinin “Ustad Əli Dədənin rəqs melodiyaları” kitabında akademik əsaslı araşdırma nəticəsində ustadın 57 havasının müəllifliyi dəqiq müəyyənləşdirilib, habelə bu nəşrdə də melodiyaların not yazıları təqdim olunub.

