Folklor İnstitutunun alimləri fənn proqramlarının monitorinqi və təkmilləşdirilməsi ilə bağlı müzakirədə iştirak ediblər

Folklor İnstitutunun alimləri fənn proqramlarının monitorinqi və təkmilləşdirilməsi ilə bağlı müzakirədə iştirak ediblər

10 İyul 2025, 15:00 / Konfranslar, İclaslar

Bakı Avrasiya Universitetinin (BAAU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasında fənn proqramlarının monitorinqi və təkmilləşdirilməsi məqsədilə maraqlı tərəflərin iştirakı ilə geniş tərkibli iclas təşkil olunub. Görüşdə professor-müəllim heyəti, tələbələr, məzunlar və işəgötürənlər iştirak ediblər.

İclasın açılışında kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Məmmədova çıxış edərək fənn proqramlarının müasir dövrün tələblərinə uyğunlaşdırılmasının, tədris prosesində innovativ yanaşmaların tətbiqinin və əmək bazarına cavab verən kadr hazırlığının önəmini vurğulayıb.

Tədbirdə AMEA Folklor İnstitutunun əməkdaşları da iştirak edərək sözügedən iclasa dəyərli elmi töhfələr veriblər. İnstitutun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, fil.e.d. Leyla Məmmədova, Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Nail Qurbanov, Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Elnarə Əmirli fənn proqramlarının məzmunu, yeni elmi yanaşmaların inteqrasiyası və müasir folklor nümunələrinin tədrisə daxil edilməsi ilə bağlı təkliflər səsləndiriblər.

İclas zamanı proqramların güclü və zəif tərəfləri təhlil olunub, təkmilləşdirilmə istiqamətləri müəyyənləşdirilib və iştirakçıların tövsiyələri əsas götürülməklə gələcək planlar müzakirə olunub.

Tədbir səmərəli fikir mübadiləsi şəraitində keçib və qarşılıqlı elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə yekunlaşıb.