XƏBƏRLƏR
Folklor İnstitutunda milli təhsil və folklor məsələləri araşdırılıb
AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə institutun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xuraman Kərimovanın “Milli təhsil və folklor” adlı kitabı nəşr olunub. Monoqrafiyada Azərbaycan folklorunun milli təhsildəki rolundan bəhs olunur, XIX əsrin ikinci yarısından bugünədək tərtib edilmiş ibtidai siniflər üçün ana dili dərsliklərində və uşaq mətbuatında şifahi xalq ədəbiyyatı nümunələrindən, folklor üslubunda yazılmış uşaq əsərlərindən istifadə səviyyəsi araşdırılır.
Kitab ön söz və beş fəsildən ibarətdir. Müəllif ön sözdə tədqiqatın məqsədini və tədris prosesində folklora və bu üslubda yazılmış əsərlərə önəm verilməsinin səbəblərini açıqlayır.
Birinci fəsil folklor mətnlərinin pedaqoji mahiyyəti haqqındadır. Burada uşaq folklorunun səciyyəvi xüsusiyyətləri və uşaqların əqli və mənəvi inkişafında folklorun rolundan bəhs olunur.
İkinci fəsildə ana dili dərsliklərində folklordan istifadə səviyyəsi araşdırılır. Bu fəsildə Azərbaycanda XIX əsrin II yarısında tərtib edilmiş, eləcə də XX əsr ana dili dərslikləri müqayisə və təhlil edilir.
Üçüncü fəsildə keçən əsrin əvvəllərindən müasir dövrədək olan uşaq mətbuatı nümunələri tədqiq edilir, bu qəzet və jurnalların səhifələrində folklorun hansı səviyyədə yer alması araşdırılır.
Dördüncü fəsil folklor üslubunda yazılmış uşaq əsərlərinin təhsildə mövqeyi haqqındadır. İlk maarifçi yazarların, həmçinin sovet və müstəqillik dövründə uşaq yazıçı və şairlərinin əsərləri təhlilə cəlb olunur, uşaq mənəviyyatının formalaşmasında bu əsərlərin rolundan bəhs olunur.
Sonuncu fəsildə müəllif müstəqillik dövründə tərtib edilmiş ibtidai sinif ana dili dərsliklərində Azərbaycan folkloruna münasibət məsələlərini araşdırır. Həmçinin bəzi folklor janrlarının təlim-tərbiyə prosesində özünəməxsus rola malik olmasından – şagirdlərin diqqətinin formalaşması, nitq inkişafı, yazı vərdişlərinə yiyələnmə, yaddaşın möhkəmlənməsi, davranış mədəniyyəti, estetik tərbiyə və s. məsələlərdən bəhs edir, müəyyən təkliflər irəli sürür.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova) və filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovdur.
Kitabdan folklorşünaslar, pedaqoji sahənin tədqiqatçıları, ali məktəblərin filologiya və pedaqogika fakültələrinin bakalavr və magistr pillələrinin tələbələri istifadə edə bilərlər.