XƏBƏRLƏR
Folklor İnstitutunun dosenti “Qaladan Qala – Gədəbəy: tarixi abidələr diyarı” sənədli filminin təqdimatında çıxış edib
Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində “Qaladan Qala – Gədəbəy: tarixi abidələr diyarı” sənədli filminin təqdimatı keçirilib. Film “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə ərsəyə gəlib.
Tədbirdə AMEA Folklor İnstitutunun dosenti Aynur İbrahimova “Gədəbəy folklor mühiti: etnoqrafik zənginlik və milli düşüncə” mövzusunda çıxış edib. O, çıxışında bölgənin folklor yaddaşından bəhs edib, Gədəbəyin ənənələri və etnoqrafik materiallarının Azərbaycan mədəni irsinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Bildirib ki, Gədəbəy ərazisində yerləşən abidələrimizin hər biri dövlətçilik tariximizin, mədəniyyətimizin nümunəsidir. Tarixin yaddaşı və yadigarları olan bu abidələr maddi mədəniyyət nümunələridir və bu yerlərin tarixinin qədimliyini və zənginliyini özündə əks etdirir. Elə bu səbəbdən də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacib məsələlərdəndir. Gədəbəyin zəngin adət-ənənələrini, mədəniyyətini, folklorunu, tarixi abidələrini, bir sözlə, milli-mədəni irsini təqdim etməklə zəngin irsimiz daha da zənginləşdirilir və bu zənginlik üzərində qlobal inkişaf təmin olunur.



