Folklor İnstitutunda “Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik bədii interpretasiya” mövzusunda elmi sessiya keçirilib

Folklor İnstitutunda “Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik bədii interpretasiya” mövzusunda elmi sessiya keçirilib

30 İyun 2025, 17:40 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunda XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və maarifçi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyinə həsr olunmuş “Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik bədii interpretasiya” mövzusunda elmi sessiya keçirilib. Tədbiri giriş sözü açan institutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” 04 aprel 2025-ci il tarixli Sərəncamının icrası çərçivəsində keçirilən elmi sessiyanın əhəmiyyətindən söz açıb. Alim qeyd edib ki, Azərbaycan mədəniyyəti tarixində Seyid Əzim Şirvani bir tərəfdən klassik ənənələri yaşadan qüdrətli şair, digər tərəfdən isə yeniliyə açıq, ictimai mövqeyə malik böyük maarif xadimi kimi xüsusi yerə sahibdir. Odur ki, Seyid Əzim Şirvani yaradıcılığını təhlil edərkən biz təkcə qəzəllərdəki mənəvi gözəlliyin tərənnümünə deyil, həm də dövrün ictimai-siyasi hadisələrinə kəskin münasibət bildirən satiraları da diqqət mərkəzində saxlamalıyıq.

Seyid Əzim Şirvani yaradıcılığı kontekstində folklor və yazılı ədəbiyyat münasibətlərinə nəzər yetirən H.Quliyev qeyd edib ki, bəzən folklorşünaslar özləri belə mövzulara ədəbiyyatşünaslıq prizmasından yanaşmaqla hər hansı bir şair və ya yazıçının əsərlərində sadəcə olaraq folklordan qaynaqlanan obraz, motiv, süjet və ya dil elementlərini təhlil etməklə kifayətlənirlər. Lakin nəzərə alınmalı ən mühüm məqamlardan biri, bəlkə də birincisi, folklorda ifadə olunan kollektiv qeyri-şüuri yaradıcılıqla yazılı ədəbiyyatda öz əksini tapan fərdi şüuri mövqe və münasibətin fərqləndirilməsidir. Folklor faktları performansda dəyişən, dinamik xarakterə malik mətnlər olmaqla ənənəviliyi, kollektivliyi və variantlılığı özündə ehtiva edir. Lakin yazılı ədəbiyyatın özəlliyi və xüsusi dəyəri onun fərdiliyi, orijinallığı, bənzərsizliyi ilə ölçülür. Bu baxımdan bizim folklorşünas kimi Seyid Əzim Şirvani yaradıcılığına yanaşmamız məhz bugünkü tədbirin adında ifadə olunub: “folklorik düşüncə və klassik bədii interpretasiya”. Bu yanaşmanı şairin yaradıcılığının hər məqamında axtarmaq mümkündür. Seyid Əzim Şirvani Azərbaycan sosio-mədəni mühiti içərisində yetişməklə folklorik düşüncəyə – sosial stereotiplərə və mental dəyərlərə sahibdir, lakin onun yaradıcılığı, həm də bədii interpretasiyadır.

Çıxışının sonunda elmi sessiya çərçivəsində dinləniləcək məruzələrə nəzərə yetirən H.Quliyev Folklor İnstitutunda gələcəkdə də folklor və yazılı ədəbiyyat münasibətlərinə həsr olunmuş araşdırmalarda folklorşünaslıq rakursunun gücləndirilməsinin vacibliyini qeyd edib.             

Sonra elmi sessiyanın məruzələri dinlənilib. İnstitutun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri, fil.e.d., dos. Ağaverdi Xəlil “Seyid Əzim Şirvani yaradıcılığında ruhani institutu və satirik üslub” mövzusunda məruzəsində maarifçi sənətkarın xalqın həyatında dini dəyərlərin passivləşdiyi və ruhani institutunun çökdüyü bir zamanda cəmiyyətin milli-mədəni kimliyini qorumaq uğrunda mübarizədə iştirakından bəhs edib. Bildirib ki, Seyid Əzim Şirvani mükəmməl ruhani təhsili alsa da, əsərlərinin böyük bir qismi dünyəvi ruhdadır və öz dövrünə görə müasirdir.

“Xalqının gələcəyini düşünən Seyid Əzim maarifçi fəaliyyəti ilə yanaşı, cəmiyyətin mənəvi problemlərindən bəhs edən satiralar da yazmışdır. Seyid Əzimin satiraları özündən sonra yaranmış Molla Nəsrəddin ədəbi məktəbinin üslubu üçün də zəmin hazırlamışdır”, – deyə alim vurğulayıb.

“Seyid Əzim Şirvaninin hekayətlərində lətifə süjetləri” mövzusunda məruzə edən Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, fil.e.d., dos. Leyla Məmmədova bildirib ki, XIX əsrin ikinci yarısında Azərbaycan ictimai-bədii fikrində baş verən yeniləşmə prosesi Seyid Əzim Şirvaninin şəxsiyyətində daha geniş vüsət alıb. Görkəmli sənətkarın yaradıcılıq üslubu, özünəməxsus dəst-xətti ədəbiyyat tariximizdə xüsusi mərhələ təşkil edir.

“Seyid Əzim Şirvaninin mənzum hekayətləri həcmcə kiçik olmasına baxmayaraq, onun bədii irsində xüsusi önəm kəsb edir. Bu hekayətlərin müəyyən qismi Azərbaycan və fars klassiklərindən tərcümə və iqtibas olsa da, əksər qismi  xalq nağılları və Molla Nəsrəddin lətifələrindən istifadə edilərək qələmə alınmışdır. Qarşılaşdığı ziddiyyətlərlə dolu həyat hekayələri, real hadisələrə Molla Nəsrəddinsayağı  baxış, sevilən sənətkarın yaradıcılığına həmişə bələdçilik etmiş, onu xalqa daha da sevdirmişdir”, – deyə L.Məmmədova çıxışını yekunlaşdırıb.

Ardınca Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Atif İslamzadənin “Folklor və klassik ədəbiyyat aspektindən Seyid Əzim Şirvani yaradıcılığına baxış” mövzusunda məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, Seyid Əzim Şirvani XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi həm klassik, həm də folklor ənənələrinə əsaslanan zəngin yaradıcılığı ilə seçilir. Onun poeziyasında klassik Şərq ədəbiyyatına xas olan qəzəl, qəsidə, məsnəvi kimi janrlarla yanaşı, xalq yaradıcılığından gələn aydın dil, sadə üslub və məhəbbət, vətənpərvərlik kimi mövzular geniş yer tutur.

Məruzəçi diqqətə çatdırıb ki, Seyid Əzimin klassik ədəbiyyata bağlılığı onun Nizami, Füzuli kimi böyük söz ustadlarının təsiri altında formalaşan poetik üslubunda, bədii-fəlsəfi dünyagörüşündə özünü göstərir.

Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Elçin Qaliboğlu “Seyid Əzim Şirvaninin qəzəllərində mifoloji obrazlar” mövzusunda məruzəsində S.Ə.Şirvaninin çağındakı yeniliklərə açıq olması, maarifçiliyi, özündən sonrakılara örnəkliyi, qəzəllərində mifoloji obrazlardan bəhrələnmənin Nəsimi, Füzuli kimi klassiklərin yaradıcılığındakı kimi mifoloji obrazlardan bəhrələnmənin özünəməxsus bədii boyalarla zənginləşmiş biçimdə olmasından danışıb, həmçinin Od obrazının Füzuli, Nəsimi kimi Seyid Əzim yaradıcılığında da geniş şəkildə işlənildiyi vurğulayıb.

“Seyid Əzimin qəzəllərində folklor düşüncəsi ölmür, itmir, mifoloji duyum mahiyyətcə əksilmir, əksinə insan idrakının, mənəviyyatının imkanları aşkarlandıqca bənzərsiz, əlvan, insanın gerçəkdən dünyanın əşrəfi olduğunu göstərən yeni poeziya örnəklərinin yaranmasını şərtləndirir”, – deyə E.Qaliboğlu fikrini əsaslandırıb.

Daha sonra Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Sevinc Əliyeva “Seyid Əzim Şirvaninin təmsillərində xalq müdrikliyinin təcəssümü” mövzusunda məruzə edib. Bildirib ki, folklor  nümunələri əsasən əxlaq və mənəviyyatın, sağlam əqidənin formalaşmasına xidmət edir. Folklor cəmiyyətə funksional təsir imkanları baxımından digər sahələrdən fərqləndiyindən, folklor örnəkləri ilə zəngin olan əsərlər də mənəvi-əxlaqi dəyərlər baxımından müsbət, fərqli məna kəsb edir. Seyid Əzim Şirvani də təmsillərində əsasən cəmiyyətdə mövcud olan problemlərə, insan davranışlarına və qadınların cəmiyyətdəki roluna toxunub. 

Məruzədə qeyd olunub ki, ədəbiyyatımızda ilk dəfə S.Ə.Şirvanidən başlayaraq M.Ə.Sabir, A.Səhhət yaradıcılığında da təmsil uşaqların təlim və tərbiyəsinə uyğunlaşdırıb və müxtəlif illərdə nəşr olunan dərsliklərə salınıb.