XƏBƏRLƏR

Folklor İnstitutunun dosenti kitab təqdimatında çıxış edib
Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə musiqişünas-alim Tahirə Kərimovanın Azərbaycan xalq yaradıcılığının görkəmli nümayəndələrindən biri, zurna, balaban, tütək kimi nəfəs alətlərinin mahir ifaçısı, 70-dən çox rəqs havasının müəllifi Əli Zülfüqar oğlu Kərimova (Kalvalı Əli Dədə) həsr olunmuş “Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu da çıxış edib. O bildirib ki, çağdaş Azərbaycan zurna-balaban sənətinin inkişafında məşhur sənətkar Kalvalı Əli Dədənin özünəməxsus xidmətləri var. Azərbaycan zurna-balaban sənətində məktəb yaratmış ustadın çalğısında bu alətlərin bütün imkanları aşkarlanır. Yaradıcılığında iki əsas cəhət – möhtəşəm döyüşkənlik və harayın ifadəsi diqqəti çəkir. Ustadın tanınmış havaları bunlardır: “Heyvagülü”, “Alçagülü”, “Koroğlu nağarası”, “Qəhrəmani”, “İnnabı”, “Əfruzə”, “Yasəməni", “Dağ çiçəyi”, “Azərbaycan rəqsi”, “Türk rəqsi” və s. Bu mahnılar indi də Azərbaycan toylarının bəzəyidir. Əməkdaşımız çıxışında Kalvalı Əli Dədənin Azərbaycan zurna-balaban, eləcə də aşıq sənətinin inkişafındakı xidmətləri, həyatının sonu ilə bağlı eşitdiyi xatirələr, havacatlarının sənətkarlıq keyfiyyəti haqqında danışıb, xalq ruhunun ardıcıl ömürləşməsi üçün bu kimi sənətkarların yaratdıqlarının öyrənilməsinin vacibliyini vurğulayıb.