XƏBƏRLƏR

Folklor İnstitutunun əməkdaşı Türkiyədə keçirilən beynəlxalq simpoziumda iştirak edib
09-10 may 2025-ci il tarixlərində Türkiyənin Bursa şəhərində Bursa Texnologiya Universiteti və Bursa Yıldırım Bələdiyyəsinin təşkilatçılığı ilə “Yıldırım Bəyazid: elmi araşdırmalar və innovasiya” beynəlxalq simpoziumu keçirilib. Simpoziumda 24 ölkədən nümayəndələr iştirak ediblər. Hibrid formatda reallaşan simpoziumda iqtisadiyyat, tarix, sosiologiya, humanitar elmlər, müasir logistika və s. istiqamətlərdə araşdırmaları əhatə edən məruzələr təqdim edilib.
Simpoziumda AMEA Folklor İnstitutunun Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin böyük elmi işçisi Zəfər Fərhadov da iştirak edib. O, “Əfsanələrdə zaman və məkan anlayışı” mövzusunda məruzə edib. Əməkdaşımız çıxışında real zaman və məkan anlayışı ilə əfsanələrdəki zaman və məkanın fərqli tərəflərini təhlil edib, nümunələrə əsaslanaraq real (profan) və sakral məkan, əbədi və keçici zaman anlayışları ilə bağlı müqayisələr aparıb, bu anlayışların əfsanələrdə zidd qütblər üzərində qurulduğunu elmi cəhətdən əsaslandırıb.
Məruzə maraqla qarşılanıb və mövzu ətrafında geniş diskussiya aparılıb.