Folklor İnstitutunda Bakı Avrasiya Universitetinin tələbələri elmi-tədqiqat təcrübəsinə başlayıblar

Folklor İnstitutunda Bakı Avrasiya Universitetinin tələbələri elmi-tədqiqat təcrübəsinə başlayıblar

07 May 2025, 19:23 / Mühüm hadisələr

Bakı Avrasiya Universitetinin  Filologiya fakültəsinin IV kurs tələbələri 2024-2025-ci tədris ilinin yaz semestri çərçivəsində AMEA Folklor İnstitutunda folklor elmi-tədqiqat təcrübəsinə başlayıblar. Təcrübə tələbələrin tədris prosesində əldə etdikləri nəzəri biliklərin müasir elmi yanaşmalar kontekstində tətbiqi, onlarda tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması məqsədilə həyata keçirilir.

Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev tələbələri salamlayaraq elmi müəssisədə aparılan tədqiqat işləri, əldə olunan mühüm nailiyyətlər, dövri nəşrlər barədə geniş məlumat verib, son dövrlərdə nəşr olunan elmi monoqrafiyalar və yeni toplanılmış folklor örnəklərindən ibarət kitablardan söz açıb. “Azərbaycanın mədəni-mənəvi xəritəsi məhz folklorunda daha geniş və bütövdür” deyən alim  qeyd edib ki, Folklor İnstitutunda bir tərəfdən folklor nümunələrinin bölgələrdən toplanılması, sistemləşdirilməsi və nəşri, digər tərəfdən isə, müasir dünyanın çağırışlarına müvafiq elmi-nəzəri tədqiqatlar aparılmaqdadır.

Daha sonra təcrübəçi tələbələrin təhkim olunduğu Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova çıxış edərək bildirib ki, tələbələr bir ay müddətində sözügedən şöbədə təcrübə keçərək elmi və praktiki biliklərini artıracaqlar.

 Görüş zamanı tələbələri maraqlandıran mövzular, o cümlədən folklorun toplanılması, akademik prinsiplər əsasında araşdırılması məsələləri müzakirə olunub.