XƏBƏRLƏR

Folklorşünas alim beynəlxalq konfransda məruzə edib
30 aprel 2025-ci il tarixində Rusiyanın Çelyabinsk şəhərində Çelyabinsk Dövlət Universitetinin Avrasiya və Şərq fakültəsinin təşkilatçılığı ilə “Şərq dünyası: milli və dünya şərqşünaslığının aktual məsələləri” mövzusunda III Beynəlxalq elmi-praktik konfrans keçirilib. Hibrid formatda reallaşan konfransda AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev “Этнокультурная форма самовыражения – праздник Хыдыр Наби” (“Özünüifadənin etnomədəni forması – Xıdır Nəbi bayramı”) mövzusunda onlayn məruzə edib. Məruzədə ilk dəfə olaraq Xıdır Nəbi bayramının etnomədəni özünüifadə və özünütəşkil forması olduğu qeyd edilib və “mədəniyyət” anlayışı ilə birbaşa bağlılığı vurğulanıb. Bayramın mədəni sistemdə yeri, rolu və funksiyasına diqqət yetirilən məruzədə həm də “mədəniyyət-ənənəvi mədəniyyət- etnomədəniyyət” sxemi üzrə qənaətlər təqdim edilib. Türk xalqlarının həyatında xüsusi yer tutan Xıdır Nəbi bayramının əsas mahiyyətinə diqqət yönəldilərək onun etnik ümumiliyə malik olduğu, vizual, musiqi və ədəbi yaddaşda iz qoymuş bu bayramın ritual sistemlə əlaqəsi vurğulanıb.
Yekunda məruzəçi ona ünvanlanan sualları cavablandırıb.