XƏBƏRLƏR

Folklor İnstitutunun əməkdaşları 20-ci Beynəlxalq orientalistlər konfransında iştirak ediblər
Aprelin 23-də Özbəkistan Elmlər Akademiyasının Əl-Biruni adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə akademik Ubaydulla Kərimovun anadan olmasının 105 illiyinə həsr olunmuş 20-ci Beynəlxalq orientalistlər konfransı keçirilib. Konfrans Şərq ölkələrinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, ədəbiyyatı, əlyazmaların mühafizəsi və bərpası, islamşünaslıq, mətnşünaslıq və digər elmi istiqamətlər üzrə aparılan tədqiqatların müzakirəsi üçün beynəlxalq əhəmiyyətli platforma olub.
Hibrid formatda təşkil olunan bu nüfuzlu beynəlxalq elmi tədbirdə AMEA Folklor İnstitutunun əməkdaşları da iştirak ediblər. İnstitutun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova “Azərbaycan və özbək folklorunda doğum ritualları” mövzusunda onlayn çıxış edərək iki xalqın ortaq inanclar sistemi və doğum mərasimlərinə dair müqayisəli folklor materiallarını təqdim edib.
Həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımova isə “Nağıllarda Qaraçuxa obrazının epik-mifoloji məna xüsusiyyətləri” mövzusunda onlayn məruzə edib. O, Azərbaycan nağıl folklorunda qoruyucu və mistik xarakterli obrazların mifoloji təhlilini apararaq bu obrazların xalq dünyagörüşündəki funksional və semantik mahiyyətini elmi cəhətdən əsaslandırıb.