Folklor İnstitutunda AMEA-nın 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Folklor İnstitutunda AMEA-nın 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

09 Aprel 2025, 19:40 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinə həsr olunmuş “ATTC-dən AMEA-ya uzanan yolun yolçuları: Azərbaycan folklorşünasları” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 mart 2025-ci il tarixində “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bununla əlaqədar olaraq, cari ilin sonuna kimi elmi müəssisələrdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Dosent H. Quliyev qeyd edib ki, AMEA-nın 80 illik yubileyi çərçivəsində Azərbaycan folklorşünaslığının inkişaf tarixinin nəzərdən keçirilməsi, xüsusilə də Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətindən AMEA-nın təsis edilməsinə qədərki mərhələdə folklorşünaslıq sahəsində görülən işlərin müzakirəsi aktual məsələlərdəndir. Azərbaycan folklorşünaslıq tarixinin bu mərhələsinin önəmini xüsusi vurğulayan alim qeyd edib ki, ötən əsrin 20-ci illərində H.Zeynallı, Ə.Abid, V.Xuluflu kimi folklorşünaslar yetişiblər. Onların fəaliyyəti ilə XX əsrin 20-30-cu illərində Azərbaycan folklorşünaslığında Avropa ilə səsləşən tədqiqatlar yaranıb. Məhz Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti çərçivəsində peşəkar folklor toplamaları həyata keçirilib və bu materiallar Cəmiyyət ləğv olunduqdan sonra belə nəşr olunub. Həmin dövrdə xüsusilə də Hənəfi Zeynallının nəzəri görüşləri, dünya folklorşünaslıq məktəb və nəzəriyyələri barədə fikirləri diqqəti cəlb edir. Eyni zamanda Vəli Xuluflunun “Koroğlu” dastanının toplaması və şifahi mədəni ənənədə Koroğlu obrazı barədə təsəvvürləri, deyim və ifadələri diqqət mərkəzinə gətirməsi folklorşünaslıq tarixi üçün olduqca əhəmiyyətli faktlardır. Təəssüflər olsun ki, XX əsrin 20-ci illərində başlanan bu müsbət tendensiya sovet ideologiyasının təsiri və təzyiqi nəticəsində xeyli zəiflədi. Nəticədə, Azərbaycan folklorşünaslığı dünyada gedən sosial-antropoloji tədqiqat istiqamətləri ilə ayaqlaşmaqda geri qaldı. Bugünkü elmi sessiyada adlarını çəkdiyimiz ziyalıların da təmsil olunduğu Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin folklorşünaslıq sahəsindəki fəaliyyəti, əldə olunan nailiyyətlərin müzakirəsi nəzərdə tutulur.

Sonra elmi sessiyanın məruzələri dinlənilib. İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.f.d., dos. Afaq Ramazanova “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti və onun Folklor komissiyası” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, 1923-cü ildə Azər­baycanda elmi təd­qi­qat­ları koor­di­nasiya edən və istiqamətləndirən vahid bir mər­kəz – Azər­bay­canı Tədqiq və Tətəbbö Cəmiyyəti yaradılıb. İlk dövrdə cəmiyyətin tərkibində tarix, etnoqrafiya, iq­ti­sa­diyyat və təbiətşü­naslıq bölmələri təşkil olunub. 1925-ci ildə cəmiyyətin struk­tu­run­da təkmilləşmə işləri aparılıb, yeni böl­mələr – Tarix-Etnoqrafiya bölməsindən Türkologiya böl­məsi yaranıb. Ayrı-ayrı elm sahələri istiqamətində təd­qiqatlar aparılması məqsədilə tarix, ta­rix-ədəbiyyat, et­noq­ra­fiya, dilçilik, lü­ğət­çilik, hüquq, sənaye, Xəzər də­nizinin tədqiqi, təs­vi­ri in­cə­sənət, te­atr, musiqi və s. üzrə ko­missiya və alt­ko­mis­si­yalar təşkil edilib. Respublikanın Şa­maxı, Gəncə, Lənkəran, Za­qatala və digər qə­za­la­rında, o cümlədən, Naxçıvan MSSR və DQMV-də cəmiyyətin bölmələri yaradılıb.

Vurğulanıb ki, ATTC-nin Azərbaycanda folklorşünaslığın müstəqil bir elm sahəsi kimi formalaşmasındakı rolu danılmazdır. Çünki bu sahənin həmin dövr dünya standartlarına uyğun şəkildə Azərbaycanda inkişafı ATTC-nin xidmətidir. Təbii ki, ATTC-yə qədər Azərbaycan folklorunun pərakəndə şəkildə toplanması mövcud idi. Ayrı-ayrı cünglərə, nəğmələr kitabına o dövr el arasında yaşayan folklor mətnləri salınsa da, qətiyyətlə demək olar ki, Azərbaycan folklorunun elmi əsaslarla öyrənilməsinin, ən əsası da toplanmasının binası ATTC tərəfindən qoyulub.

Sonra Mərasim folkloru şöbəsinin böyük elmi işçisi Akifə Xəlilovanın “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (ATTC) fəaliyyətində Aleksandr Baqrinin yeri və rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yaradılarkən onun tərkibinə Folklor komissiyası da daxil olub və bu komissiyanın işində o dövrün bir çox görkəmli ziyalıları, alimləri  iştirak ediblər. Məruzədə vurğulanıb ki, A.V.Baqri ilk dəfə olaraq böyük bir dövrü əhatə edən Azərbaycan biblioqrafiyası kitabını hazırlayaraq nəşr etdirib, Azərbaycan nağıllarını tərtib edərək nəşrə hazırlayıb. O, həmçinin Qafqaz xalqlarının folkloruna dair məqalələr dərc etdirib, müxtəlif ədəbi seminarlar təşkil edib, Azərbaycan folkloru və onun problemlərinə dair elmi məqalələr yazıb.

Daha sonra Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Xəyalə Ağayeva “Azərbaycan folklorşünaslığının böyük siması Məmmədhüseyn Təhmasib” mövzusunda məruzəsini təqdim edib. Bildirib ki, Məmmədhüseyn Təhmasib kimi alimlərimizin həyatının, əsərlərinin və folklorşünaslıq fəaliyyətinin öyrənilməsi çağdaş humanitar elmimizin sağlam ənənələr üzərində davam etdirilməsi və inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir. Onun Azərbaycan folklorunun top­lan­ma­sı, tərtibi və nəşrində müstəsna xidmətləri olub. Məruzədə alimin bayatı, nağıl, lətifə, dastan və s. kimi folklor janrlarının toplanması, tərtibi və nəşri istiqamətində gördüyü işlərdən də ətraflı bəhs olunub.

“Vəli Xuluflu “Koroğlu” eposunun toplayıcısı və tədqiqatçısı kimi” mövzusunda çıxış edən AMEA Folklor İnstitutunun dissertantı İlkin Eminova qeyd edib ki, Türk dünyasının ortaq qəhrəmanlıq eposlarından olan “Koroğlu” dastanının toplanması, nəşri və tədqiqi sahəsində görkəmli Azərbaycan ziyalısı, Azərbaycanın ilk professorlarından olmuş Vəli Xuluflunun özünəməxsus yeri vardır. V.Xuluflu Azərbaycanda “Koroğlu” dastanının ilk professional toplayıcılarından, naşirlərindən və tədqiqatçılarından sayılır. Məruzəçi V.Xuluflunun “Koroğlu” eposunun toplanması və nəşri sahəsində əvəzsiz xidmətlərini dastanın toplayıcısı, naşiri, tədqiqatçısı və tərcüməçisi kimi qruplaşdırıraq təhlil edib. Diqqətə çatdırılıb ki, V.Xuluflu Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Folklor komissiyasında məhsuldar fəaliyyət göstərən tədqiqatçıların biri olub.

Daha sonra Azsaylı xalqların folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Vüsal Səfiyevanın “Həmid Araslının folklorşünaslıq fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, akademik Həmid Araslı özünün folklorşünaslıq fəaliyyətində Y.V.Çəmənzəminli, S.Mümtaz, H.Zeynallı və başqa alimlərimizin ənənələrini davam etdirib, digər tərəfdən də həmdövrləri olan M.H.Təhmasib, Ə.Axundov, H.Əlizadə, M.Seyidov və başqaları ilə yaxından əməkdaşlıq edərək, sözügedən sahənin zənginləşdirilərək inkişaf etdirilməsində mühüm xidmətlər göstərib. Məruzədə alimin şifahi xalq yaradıcılığının araşdırılaraq sistemləşdirilməsi və nəşri istiqamətində gördüyü  işlərdən, o cümlədən “Kitabi-Dədə Qorqud” boylarını tədqiq edərək çap etdirməsindən, aşıq yaradıcılığı sahəsindəki fəaliyyətindən, bu sahənin tədqiqinə dair əsərlərindən, “Koroğlu”, “Şah İsmayıl”, “Aşıq Qərib”, “Abbas-Gülgəz”, “Şəhriyar” dastanları ilə bağlı araşdırmalarından da bəhs olunub.

Daha sonra Türk xalqları folkloru şöbəsinin müdiri, professor Əfzələddin Əsgər və Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Elçin Qaliboğlu çıxış edərək müzakirə olunan mövzuların aktuallığından, görkəmli folklorşünas alim H.Zeynallının rəhbərliyi ilə Folklor komissiyasının da fəaliyyət göstərdiyi Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin şifahi xalq yaradıcılığı örnəklərinin toplanmasına, nəşrinə və tədqiqinə böyük təkan verməsindən bəhs ediblər.

Sonda mövzu ətrafında maraqlı elmi diskussiya aparılıb, suallar cavablandırılıb.