Əməkdaşlarımız Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə ediblər

Əməkdaşlarımız Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə ediblər

27 Mart 2025, 20:21 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin əməkdaşları – fil.ü.f.d. Qumru Şəhriyar və fil.ü.f.d. Elnarə Əmirli martın 20-də Qazaxıstanın Almatı şəhərində keçirilən “Kommunikativ mədəniyyət sistemində qazax dili: nəzəriyyə və təcrübə” mövzusunda beynəlxalq konfransda onlayn məruzə ediblər.

Görkəmli alim, filologiya elmləri doktoru, professor Əmir Rakış Satoviçin anadan olmasının 95 illiyinə həsr olunan və hibrid formatda keçirilən konfransda fil.ü.f.d. Q.Şəhriyarın “Qırx batır” dastan silsiləsinin poetik formul xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə “Qırx batır” dastan silsiləsinin qazax ədəbi mühiti üçün xarakterikliyindən söz açılıb, silsilə sintaqmatik, semantik və linqvistik aspektlərdə təhlil edilərək, dastanlarda zəngin poetik dillə ifadə vasitələrindən necə istifadə olunmasından danışılıb.

Fil.ü.f.d. E.Əmirli isə “Azərbaycan epik folklorununda mifoloji örnəklərin mətn xüsusiyyətləri” mövzusunda məruzəsində xəyali varlıqla görüşün xüsusiyyətlərini əsas tutaraq bu nümunələrin mifoloji əhvalat və mifoloji xatirə olaraq iki qrupa bölünməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, sözügedən örnəklərin mətn xüsusiyyətləri söyləyici təhkiyəsi, xəyali varlığın və hadisənin baş verdiyi məkanın təsviri ilə bağlıdır. Bu varlıqlarla görüşlərdən bəhs edən söyləyici xəyali varlığın gerçək olduğunu sübut etmək üçün bir sıra vasitələrdən istifadə edir; həmin varlıqların və məkanların adını, xarici görünüşünə aid əlamətləri və digər xüsusiyyətləri sadalamaqla onunla həqiqətən qarşılaşdığına diqqət çəkir. Məruzəçi qeyd edib ki, mifoloji əhvalatların mətn xüsusiyyətləri janr xüsusiyyətlərinin kompleks şəkildə nəzərdən keçirilməsi ilə öyrənilməlidir.