“Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi simpoziumun işinə yekun vurulub

“Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi simpoziumun işinə yekun vurulub

17 Mart 2025, 19:24 / Konfranslar, İclaslar

Xəbər verdiyimiz kimi, 17 mart 2025-ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının 100 illik yubileyi ilə əlaqədar “Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Tədbir AMEA Folklor İnstitutu, Qars Qafqaz Universiteti Dövlət Konservatoriyası, Ankara Musiqi və Gözəl Sənətlər Universiteti Aşıq Ənənəsi Tətbiq və Araşdırma Mərkəzi, Tovuz rayon Xeyriyyə Cəmiyyəti və Dünya Qarapapaq Türkləri Vəqfinin birgə təşkilatçılığı ilə baş tutub.

Açılış toplantısı və bölmə iclaslarından sonra simpoziumun bağlanış mərasimi keçirilib. Yekun iclasda çıxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev ustad sənətkar Mikayıl Azaflı yaradıcılığının müasir dövrün imkanları kontekstində gündəmə gətirilməsi, yeni elmi yanaşma və baxışlar əsasında dərindən öyrənilməsi, yetişən yeni nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Alim vurğulayıb ki, simpoziumda respublikamızla yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Almaniya və s. ölkələrdən olan alim və mütəxəssislər iştirak ediblər. Bildirib ki, tədbirdə ümumilikdə 50-dən çox məruzə dinlənilib. Hibrid formatda təşkil olunan simpoziumun 8 bölmə iclasında maraqlı məruzələr təqdim edilmiş, faydalı və fəal müzakirələrin aparılmışdır.

Sonra simpoziumun bölmə rəhbəri – fil.e.d., prof. Füzuli Bayat, türkiyəli alim prof. dr. Ali Kafkasyalı və Almaniyada yaşayan tədqiqatçı Həsən Babur hesabat məruzələri ilə çıxış edib, tədbiri yüksək qiymətləndiriblər. Bildiriblər ki, simpozium iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Daha sonra simpoziumun təşkilində xidməti olanlar təşəkkürnamə ilə təltif ediliblər.

Tədbirin yekununda aşıqların ifasında Aşıq Mikayıl Azaflı yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub.