XƏBƏRLƏR

AMEA Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev: “Türk xalqlarının çoxdilli və çoxcildli folklor toplusunun hazırlanması ortaq türk mədəni dəyərlərinin tədqiqi və təbliği baxımından olduqca mühüm əhəmiyyətə malikdir”.
Bu sözləri AMEA Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Türk xalqlarının çoxdilli və çoxcildli folklor toplusunun hazırlanması üzrə Beynəlxalq Məşvərət Komitəsinin açılış iclasında qeyd edib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, sənətşünaslıq elmləri doktoru Aktotı Raimkulovanın rəhbərliyi ilə keçirilən tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Macarıstandan olan məsul şəxslər, folklorşünas və sənətşünas alim və mütəxəssislər iştirak ediblər. Tədbirdə Türk xalqlarının çoxdilli və çoxcildli folklor toplusunun hazırlanması üzrə layihənin konseptual əsasları, strateji yol xəritəsi müzakirə olunmuş, hazırlanacaq topluların strukturu, məzmunu, təqdimat forması ilə bağlı yanaşmalar dinlənilib.
Tədbiri giriş sözü ilə açan Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktotı Raimkulova iştirakçıları salamlayaraq, Fondun Türk mədəniyyəti və irsinin qorunması, təbliği və tədqiqi ilə bağlı həyata keçirdiyi bir sıra layihələrdən danışıb. Qeyd edib ki, Türk xalqlarının çoxdilli və çoxcildli folklor toplusunun hazırlanması təşəbbüsü Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev tərəfindən irəli sürülmüşdür. Bununla əlaqədar olaraq, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə 2025-ci ilin sonuna kimi çoxdilli və çoxcildli folklor toplusunun birinci cildinin nəşri planlaşdırılır.
Daha sonra tədbirdə çıxış edən AMEA Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev Türk dövlətləri ilə mədəni-mənəvi əlaqələrin dərinləşdirilməsinin Azərbaycanda dövlət siyasəti olduğunu qeyd edib. O vurğulayıb ki, bu istiqamətdə bütövlükdə Azərbaycan Milli Elmlər Akademiyasında, o cümlədən Folklor İnstitutunda mühüm işlər həyata keçirilməkdədir. Alim qeyd edib ki, Türk xalqlarının çoxdilli və çoxcildli folklor toplusunun hazırlanması ortaq türk mədəni dəyərlərinin müəyyənləşdirilməsi, aktuallaşdırılması və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Tədbirdə eyni zamanda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Macarıstandan olan məsul şəxslər, alim və mütəxəssislər çıxış edərək Türk xalqlarının çoxdilli və çoxcildli folklor toplusunun hazırlanması ilə əlaqədar düşüncələrini bölüşüblər.
Sonda Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktotı Raimkulova çıxış edərək Türk xalqlarının çoxdilli və çoxcildli folklor toplusunun yaradılması üzrə Beynəlxalq Məşvərət Komitəsinin növbəti görüşlərinin keçirilməsinin zəruriliyini qeyd edərək hazırlanacaq folklor topluları ilə bağlı əlavə təkliflərin yazılı şəkildə Fonda göndəriləcəyini vurğulayıb.