XƏBƏRLƏR

Folklor İnstitutunun alimi Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib
Azərbaycan Yazıçılar Birliyinin 26 fevral 2025-ci il tarixli qərarı ilə AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub.
Martın 5-də AYB-nin katibi Səlim Babullaoğlu əməkdaşımıza üzvlük vəsiqəsini təqdim edib.
2009-cu ildən “Xudafərin” qəzetinin baş redaktoru, I Qarabağ müharibəsi veteranı Şakir Albalıyev çoxsaylı ədəbi, tənqidi və bədii-publisistik yazıların, 10-dan artıq kitabın müəllifidir. O, peşəkar fəaliyyətinə görə “Qızıl qələm”, “Ömər Faiq Nemanzadə”, “Araz” mükafatlarına, “Peşəkar jurnalist” fəxri adına layiq görülüb.
Şakir Albalıyevin əsərlərində Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutan folklor nümunələrinin ritual-mifoloji semantikası, yaradılış simvolikasının vahid etnokulturoloji sistemdə yeri, bayramların etnososial birgəliyin qorunmasında rolu və s. problemlərin tədqiqinə geniş yer verilib, bir sıra elmi yeniliklər təqdim edilib.
2024-cü ildə Ş.Albalıyev filologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan xalq bayramlarının ritual-mifoloji əsasları və etnokulturoloji semantikası” mövzusunda dissertasiya işi müdafiə edib.