Folklor İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Folklor İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

08 Mart 2025, 15:38 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru, dosent Hikmət Quliyev Azərbaycan qadınının cəmiyyətdəki rolundan danışıb, həmişə ölkəmizdə qadına böyük ehtiram bəsləndiyini bildirib. Qeyd edib ki, tarixən Azərbaycan qadını mehriban ana, sədaqətli həyat yoldaşı olmaqla bərabər, həm də Tomris, Sara xatun kimi dövlət işlərində iştirak edən müdrik diplomat, Həcər, Nigar kimi savaş meydanlarında döyüşən qəhrəman, Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan kimi istedadlı yaradıcı şəxsiyyətlər olmuşdur. O vurğulayıb ki, bu gün Azərbaycan qadınının daşıdığı mənəvi keyfiyyətlər, elmi və elmi-təşkilati fəaliyyətdə əldə etdiyi nailiyyətlər həmin milli tarixi ənənələrə əsaslanır.

Dosent Hikmət Quliyev qeyd edib ki, Folklor İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətində, mühüm nailiyyətlərin əldə olunmasında qadın alim və mütəxəssislərin xüsusi rolu vardır. 

Qadınların ailənin, cəmiyyətin dayağı olduğunu vurğulayan alim bütün xanımları təbrik edib, onlara möhkəm cansağlığı, ailə səadəti və elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə institutun elmi katibi, fil.ü.f.d., dos. Elçin Abbasov və AMEA Folklor İnstitutu Həmkarlar Təşkilatının sədri, fil.ü.f.d., dos. Aynur İbrahimova çıxış edərək xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Çıxış üçün söz alan institutun elmi işlər üzrə direktor müavini, fil.ü.f.d., dos. Afaq Ramazanova, aparıcı elmi işçi, fil.ü.f.d., dos. İlhamə Qəsəbova və böyük elmi işçi, fil.ü.f.d. Qumru Şəhriyar bu cür tədbirin keçirilməsində göstərilən təşəbbüsə və xanımlara olan diqqətə görə institut rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Sonra Folklor İnstitutunun bir qrup qadın əməkdaşı təltif edilib.  Təltif olunanlardan bəzilərinə AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanı, digərlərinə isə Folklor İnstitutunun Təşəkkürnaməsi təqdim olunub və xatirə şəkilləri çəkilib.