Əməkdaşımız “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminarda məruzə edib

Əməkdaşımız “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminarda məruzə edib

25 Fevral 2025, 11:13 / Konfranslar, İclaslar

Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçirilib.

Tədbirin əsas məqsədi Qərbi Azərbaycanın folkloru, musiqisi və ifaçılıq sənəti kimi milli dəyərləri, habelə kulinariya ənənələrini və mədəni irsin digər elementlərini gənc nəslə çatdırmaq olub.

Seminar çərçivəsində mütəxəssislər bu mövzuda mühazirələr oxuyub, tədqiqat işlərini təqdim ediblər. AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova da seminarda “Qərbi Azərbaycan folkloru mədəniyyətimizin bir şaxəsi kimi” mövzusunda məruzə edib.

Musiqili proqramla müşayiət olunan tədbirdə “İrəvan” ansamblının ifasında aşıq musiqisi, bəstəkarların əsərləri, xalq mahnıları, eləcə də folklor nümunələri səsləndirilib.