XƏBƏRLƏR

Folklor İnstitutunun əməkdaşı akademik görüşdə iştirak edib
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova 2021-ci ildə ədəbiyyat və poeziya sahəsində akademik və intellektual müzakirələr üçün yaradılmış Klassik Divan Gənc Alimlər Cəmiyyətinin təşkil etdiyi elmi seminarda iştirak edib. Yunus Əmrə və Mehmet Akif Ərsoy kimi klassik və müasir dövr şairlərinin əsərlərindən ilhamlanaraq ədəbi müzakirələr, dərs məşğələləri və seminarlar təşkil edən bu cəmiyyət, eyni zamanda “Klassik Divan – Dil, Mədəniyyət və Ədəbiyyat Araşdırmaları Dərgisi” adlı elmi jurnal nəşr etməklə akademik mühitə, xüsusilə magistratura və doktorantura tələbələrinə elmi töhfələr verməyi hədəfləyir.
Məleykə Məmmədova seminarda “Mədəni yaddaşda nəzər: Azərbaycan və Anadolu folklorunda nəzər ritualları” mövzusunda təqdimatla çıxış edib. Onlayn formatda keçirilən tədbirə Türkiyə Cümhuriyyətinin müxtəlif universitet və elmi-tədqiqat mərkəzlərinin müəllimləri, magistratura və doktorantura tələbələri böyük maraq göstəriblər.
Tədbirdə əvvəlcə iştirakçılara Məleykə Məmmədovanın elmi fəaliyyətinə dair məlumat verilib, daha sonra əməkdaşımız mədəni yaddaşda nəzərin rolu, nəzərə qarşı qorunma üsulları və xalq inanc sistemində formalaşmış rituallar haqqında vizual materiallarla zəngin təqdimat keçirib.
Sonda isə iştirakçıların sualları cavablandırılıb, mövzu müxtəlif aspektlərdən müzakirə edilib.