XƏBƏRLƏR

“Dədə Qorqud” jurnalının 86-cı sayı çapdan çıxıb
AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 86-cı sayı çapdan çıxıb. Filologiya elmləri doktoru, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu sayında maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər və başqa yazılar altı rubrikada öz əksini tapıb.
Toplunun “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” rubrikasında fil.e.d., prof. Ramazan Qafarlı və Aysel Həsənovanın “Kitabi-Dədə Qorqud” və “Oğuz xaqan” Oğuznamələrində türk etnik-mədəni gerçəkliyi”, ped.e.d, prof. Kamal Camalovun isə “Kitabi-Dədə Qorqud” dastanında əxlaq konsepsiyası və onun pedaqoji-psixoloji əhəmiyyəti” başlıqlı məqalələri oxucuların ixtiyarına verilib.
“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində fil.e.d., prof. Fikrət Türkmənin “Azerbaycanın fikri, milli ve edebi uyanışı”, fil.e.d., prof. Füzuli Bayatın “Dəyişən folklor paradiqmasında müasir şəhər folkloru”, tex.ü.f.d., dos. Xankişi Məmmədov və fil.ü.f.d., dos. Xurşidə Qədirovanın “Bahariyyə motivli Azərbaycan, türk və özbək atalar sözlərinin müqayisəli tipologiyası”, k.ü.f.d. Nazir Əhmədlinin “Göyçə aşıq mühitinin banisi – Ağ Aşıq”, fil.ü.f.d., dos. Elçin Qaliboğlunun “Füzuli qəzəllərində mifoloji obrazların çoxçalarlı ifadəsi”, fil.ü.f.d., dos. Gülnar Osmanovanın “Nəbi Xəzri poeziyasına folklor prizmasından baxış”, fil.ü.f.d., dos. Sönməz Abbaslının “Qarabağda mövcud olmuş tayfaların tarixi-mədəni səciyyəsi”, fil.ü.f.d. Əpoş Vəliyevin “Nizami Gəncəvi yaradıcılığında qarğışlar, inanclar, rəvayətlər”, fil.ü.f.d. Şahnabad İsmayılın “Aşıq Sərraf Qasımın yaradıcılığının poetik xüsusiyyətləri”, fil.ü.f.d., dos. Çiçək Əfəndiyevanın “Koroğlu” eposunda paremioloji vahidlərin funksiyası”, fil.ü.f.d., dos. Atif İslamzadənin “Folklorda və yazılı ədəbiyyatda “Durna” motivi və riyazi modelin proyeksiyası”, Elvin Qarayev və Tural Adişirinovun “Azsaylı rutul xalqının folkloruna bir baxış”, Gülxarə Əhmədovanın “Qarabağ bayatılarının quruluşu” adlı məqalələri ilə tanış olmaq mümkündür.
Toplunun “Azərbaycan folklorundan yeni nümunələr” rubrikasında fil.ü.f.d., dos. İlkin Rüstəmzadə tərəfindən toplanılıb yazıya alınmış Qərbi Azərbaycan folklor örnəkləri, “Cənubi Azərbaycan folklorundan nümunələr” bölməsində Qaşqay folklor nümunələri, “Türk xalqlarının folklorundan yeni nümunələr” bölməsində isə fil.ü.f.d., dos. Ləman Vaqifqızının (Süleymanova) toplayıb çapa hazırladığı İraq- türkman folklor örnəkləri yer alıb.
Jurnalın “Yeni nəşrlər və rəylər” rubrikasında ped.ü.f.d., dos. Aləmzar Tağıyevanın prof. Ramazan Qafarlının “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor və mifoloji düşüncə kontekstində)” monoqrafiyası haqqında yazdığı rəy təqdim olunub.
Xatırladaq ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.
Jurnalın elektron variantına linkə keçid edərək baxa bilərsiniz.