XƏBƏRLƏR
Folklor İnstitutunun alimi Qazaxıstanda keçirilən beynəlxalq konqresdə məruzə edib
10 dekabr 2024-cü il tarixində Qazaxıstanın Almatı şəhərində Əl-Fərabi Kitabxanasında tanınmış türkoloq-linqvist, filologiya elmləri doktoru, professor Əbdüləli Tuqanbay Kaydarın 100 illiyinə həsr olunmuş “Mədəniyyət kontekstində humanitar elm: sivilizasiyalar, qloballaşma: dil, etnos, cəmiyyət” mövzusunda beynəlxalq konqres keçirilib.
Hibrid formatda keçirilən konqresdə AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev “Təbiətin oyanış bayramı – Novruz” mövzusunda onlayn məruzə edib.
Məruzədə il anlayışını özündə reallaşdıran dörd təbiət fəslindən birinin simvolu olan Novruz bayramı ətraflı şərh edilərək, yaz fəslinin timsalında insanların Novruzu bayram etmələrinin səbəbləri, təbiət fəsilləri ilə insanların harmoniyası, yaşam normaları və qaydaları, insanların yaşıllıq və oyanış fəsli olan yazın timsalında özlərini nikbin bir ovqata kodlaşdırması məsələləri tədqiq edilib.
Məruzəçi Şərq insanı, o cümlədən azərbaycanlıların təbiətin yaz fəslinə rəmzi, fəlsəfi, mifoloji məzmun verməklə onu Novruz adı altında toy-bayram etdiyini bildirərək, bu bayramın insanları təbiətlə həmrəy olmağa çağırdığını qeyd edib. Təbiətin bu oyanışının xalqımızın metaforik olaraq cəmiyyətdə intibah kimi dəyərləndirdiyini vurğulayan Ş.Albalıyev təbiətin yaşıllaşmasının timsalında insanların da mənən zənginləşməsi, gözəlləşməsi qayəsini – təbiəti və bəşəriyyəti gözəlləşdirmək missiyası haqqında məlumat verib. Tədqiqatın başlıca probleminin həlli məqsədilə nəticədə müasir dövrümüzün bahar bayramı olan Novruzun həyatımızın ayrılmaz hadisəsi olduğu bir daha vurğulanıb.
Qeyd edək ki, Türkiyə, Tacikistan, Türkmənistan, Tatarıstan, Belçika və digər ölkə alimlərinin iştirak etdiyi konqresin məruzələrinin nəşri nəzərdə tutulub.