Əməkdaşlarımız “Yaşıl dünya – bizim dünya” mövzusunda Beynəlxalq elmi simpoziumda məruzə ediblər

Əməkdaşlarımız “Yaşıl dünya – bizim dünya” mövzusunda Beynəlxalq elmi simpoziumda məruzə ediblər

07 Dekabr 2024, 09:48 / Konfranslar, İclaslar

05-06 dekabr 2024-cü il tarixlərində Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı, Ərzincan Binəli Yıldırım Universiteti, Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yaşıl dünya – bizim dünya” mövzusunda Beynəlxalq elmi simpozium keçirilib.

Simpoziumda AMEA Folklor İnstitutunun əməkdaşları da iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə rayonda Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar. Dahi liderin adını daşıyan Mərkəzi ziyarət edərək Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə yaxından tanış olublar.

Tədbir iştirakçıları şəhərin mərkəzində Şəhidlər xiyabanını da ziyarət edərək memorial önünə tər qərənfillər düzüblər.

Ədəbiyyat Muzeyinin akt zalında davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin moderatoru, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dos. İlhamə Qəsəbova elmi simpoziumun əhəmiyyətindən söz açıb. Simpoziuma 180 məqalə təqdim edildiyini, həmçinin tədbirin öz işini bölmələr üzrə həm onlayn, həm də üz-üzə davam etdirdiyini vurğulayıb. Bildirilib ki, simpozium iki gün davam edəcək. Ərzincan Binəli Yıldırım Universitetinin rektoru Akın Leventin və Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin rektoru Janar Temirbekovanın təbrik məktubu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. O, icra hakimiyyətinin təşkilatçılığı ilə ümumilikdə 23400 ədəd ağac əkildiyi diqqətə çatdırıb.

Daha sonra plenar iclasın məruzələri dinlənilib. AMEA Folklor İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Qalib Sayılovun “Azərbaycan etnokultural sistemində ətraf mühitə baxış” mövzusunda məruzəsi maraqla qarşılanıb.

Beynəlxalq elmi simpozium öz işini bölmə iclasları ilə davam etdirib. Onlayn formatda keçirilən bölmə iclasında AMEA Folklor İnstitutunun əməkdaşları – fil.ü.f.d., dos. Elçin Qaliboğlu “Azərbaycan folklorunda insan-təbiət münasibətləri”, fil.ü.f.d., dos. Fidan Qasımova “Qəhrəmanlıq dastanlarında təbiət kultu”, fil.ü.f.d., dos. Vəfa İbrahimova “Azərbaycan və ingilis folklorunda yaşıl rəngin semantikasında dair qeydlər”, fil.ü.f.d., dos. İlhamə Qəsəbova “Qədim musiqi alətlərimiz: ağac kultu və mifoloji elementlər”, fil.ü.f.d. Vüsalə Nəsibova “Qarabağ folklorunda su kultu yansıması”, fil.ü.f.d. Şəhla Hüseynli “Azərbaycan nağıllarında təbiət formulları”, fil.ü.f.d. Sürəyya Əlizadə “Ərəb şairi Əbu Təmmanın yaradıcılığında təbiət motivi” və Aydın Mustafayev “Xalq yaradıcılığında təbiət obrazı: ekoloji problem” mövzularında məruzə ilə çıxış ediblər.