XƏBƏRLƏR

Beynəlxalq konqresdə əməkdaşlarımızın məruzələri dinlənilib
21 noyabr 2024-cü il tarixində Türkiyənin Antalya şəhərində bu ölkənin Təhsil və Elm Təşkilatları Birliyi (Türk Eğitim-Sen) və Beynəlxalq Avrasiya Təhsil İttifaqları Birliyi (UAESEB) tərəfindən 5-ci Beynəlxalq Türk Dünyası Təhsil Elmləri və Sosial Elmlər Konqresi öz işinə başlayıb. Tanınmış türkçü alim Ziya Göyalpın vəfatının 100-cü ildönümü münasibətilə təşkil olunan konqresin məqsədi Türk dünyasının ortaq dəyərlərini və elmi potensialını bir araya gətirərək, bölgənin inkişafına töhfə verməkdir. Minlərlə alim və təhsil işçisinin iştirakı ilə keçirilən tədbirdə bir çox yeni elmi araşdırma və layihələrin müzakirəsi həyata keçirilib. Konqres, həmçinin Ziya Göyalpın Türk dünyasının birliyi ilə bağlı ideallarını yaşatmaq və gələcək nəsillər üçün ilham mənbəyi olmaq məqsədini daşıması baxımından da əhəmiyyət kəsb edir.
Hibrid formatda keçirilən beynəlxalq konqresdə AMEA Folklor İnstitutunun əməkdaşlarının məruzələri də dinlənilib. Mərasim folkloru şöbəsinin kiçik elmi işçisi Qumral Mirzəyeva “Nitq qabiliyyətinin inkişafında oxu materiallarının rolu”, Folklor və yazılı ədəbiyyat şöbəsinin elmi işçisi Gülnar İsmayılova “Müstəqillik dövrü hekayələrində nağıl trasformasiyaları”, Mifologiya şöbəsinin aparıcı elmi işçiləri – fil.ü.f.d. Sevinc Qasımova “Qədim Azərbaycan dövlətçilik tarixində Novruz ənənələri”, fil.ü.f.d., dos. Məleykə Məmmədova isə moderatorluq etdiyi bölmədə “Azərbaycan, Anadolu və Qaqauziya mədəniyyətində qırxbasma və albasmadan qorunma ritual və üsulları” mövzularında məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, tədbirə noyabrın 24-də yekun vurulacaq.