XƏBƏRLƏR

Əməkdaşımız Qaraqalpaqıstanda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib
Noyabrın 14-15-də Özbəkistanın şimal-qərbində yerləşən Qaraqalpaqıstan Respublikasının paytaxtı Nukus şəhərində UNESCO xətti ilə XIX əsr qaraqalpaq ədəbiyyatının görkəmli nümayəndəsi Hacıniyaz Kosıbay oğlunun anadan olmasının 200 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Özbəkistan Elmlər Akademiyası Qaraqalpaq Bölməsi Qaraqalpaq Humanitar Elmlər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda tanınmış şairin ədəbi irsinə dair çoxsaylı məruzələr dinlənilib.
Sözügedən konfransda AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Məmmədova da iştirak edib. Əməkdaşımız “Hacıniyazın milli-poetik təfəkkürünün hüdudsuzluğu” mövzusunda məruzə ilə çıxış edib və konfransın sertifikatına layiq görülüb.