XƏBƏRLƏR

Folklor İnstitutunun dosenti Bosniya və Herseqovinada keçirilən beynəlxalq simpoziumda iştirak edib
13-15 noyabr 2024-cü il tarixlərində Türkiyə Maarif Vəqfi, Tirana Nyu-York Universiteti, Balkan Tədqiqat Mərkəzi, Beynəlxalq Sarayevo Universiteti, Yunus Əmrə İnstitutu, Xaricdəki Türklər və Qohum Topluluqlar Komitəsi, Beynəlxalq Balkan Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə III Beynəlxalq Balkanlarda Türkcə Tədris və Türkologiya Simpoziumu keçirilib. Bosniya və Herseqovinanın Beynəlxalq Sarayevo Universitetinin ev sahibliyi ilə “Şəhər, mədəniyyət və sivilizasiya: Balkanlar” mövzusunda təşkil olunan simpoziumun keçirilməsində məqsəd türkcənin öyrədilməsi və türkologiya fəaliyyətləri əsas olmaqla sosial elmlərin müxtəlif sahələrində Balkanlarla bağlı tədqiqat aparan elm adamlarının bir araya gətirilməsi, mədəni kontekstdə ortaya qoyulan əsərlərin, çalışmaların təsbit edilməsi, dəyərləndirilərək ictimaiyyətə təqdim edilməsi olub.
Üç gün davam edən simpoziumda “Dildə qarşılıqlı əlaqə və ədəbiyyat: türkcənin Balkanlardakı yeri və ədəbi qaynaqlar”, “Balkanlarda mədəni kimlik, məkan və yaddaş”, “Balkan coğrafiyasında sənət və tarixin izləri: ədəbiyyat, şeir və məkan”, “Balkanlarda dil və mədəniyyətin bədii inikası: musiqi, media və kino”, “Balkanlarda yeni türk ədəbiyyatı və roman”, “Balkanlarda türkcə tədrisi və müəllimlik: pedaqoji yanaşmalar”, “Balkanlarda tarix, yaddaş və siyasət”, “Balkanlarda şəhər, kimlik və ədəbiyyat: tarixi izlər və yanaşmalar”, “Balkanlarda dil, ədəbiyyat və mədəniyyət: müqayisəli çalışmalar və sosial-mədəni incələmələr”, “Balkanlarda tarix, memarlıq və ədəbiyyat: savaşlar, mədəni təsirlər və ədəbi baxış bucaqları”, “Balkanlarda türkcə tədrisi: metodlar, təhsil vəziyyəti və məzunların məşğuliyyəti”, “Dil və lüğət çalışmaları: Balkanlarda türk dili və şivə araşdırmaları” və s. kimi mövzularda panel iclaslar gerçəkləşdirilib.
Simpoziumda AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Məleykə Məmmədova da iştirak edib. Əməkdaşımız “Balkanlarda mədəni tətbiqlər və ortaq miras: din, adətlər və türk kültürü” adlı panel iclasda “Azərbaycan və Bosniya və Herseqovina mədəniyyətində doğum ritualları” mövzusunda məruzə ilə çıxış edib və simpoziumun sertifikatına layiq görülüb.