Əməkdaşımız “Danışır Qərbi Azərbaycan” verilişinin qonağı olub

Əməkdaşımız “Danışır Qərbi Azərbaycan” verilişinin qonağı olub

15 Noyabr 2024, 12:26 / Mühüm hadisələr

AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Həsənova Yevlaxın “EL” televiziyasında yayımlanan “Danışır Qərbi Azərbaycan” verilişinin qonağı olub. “Qərbi Azərbaycan folkloru” mövzusunda olan verilişdə  Qərbi Azərbaycan folkloru, Qərbi azərbaycanlıların başına gətirilən müsibətlərin folklorda ifadəsi, tarix-folklor əlaqələri təhlilə cəlb edilib. Bu gün Folklor İnstitutunda Qərbi Azərbaycan folklorunun toplanılması, sistemləşdirilməsi və tədqiqinə dair məlumat verilib. Bu istiqamətdə həm də AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilmiş “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransının nəticələrinə diqqət çəkilib.

Çıxışı zamanı Nigar Həsənova Yevlaxda məskunlaşmış Qərbi azərbaycanlılardan topladığı atalar sözləri, inanclar, alqışlar və s. folklor nümunələrini diqqətə çatdırıb, toponimlərə dair xalq etimologiyasının maraq doğurduğunu bildirib. Qeyd edib ki, faktlar göstərir ki, Qərbi azərbaycanlılar ölkəmizin müxtəlif bölgələrinə səpələnsələr də, məskunlaşdıqları ərazinin əhalisi ilə qaynayıb qarışsalar da, öz adət-ənənələrini, danışarkən şivə xüsusiyyətlərini qoruyub saxlaya bilmişlər.