XƏBƏRLƏR
Xəzər Universitetinin tələbələri Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsinə başlayıblar
Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə IV kurs tələbələri 2024-2025-ci tədris ilinin payız semestri çərçivəsində AMEA Folklor İnstitutunda folklor elmi-tədqiqat təcrübəsinə başlayıblar. Təcrübə tələbələrin tədris prosesində əldə etdikləri nəzəri biliklərin müasir elmi yanaşmalar kontekstində tətbiqi, onlarda tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması məqsədilə həyata keçirilir.
Təcrübəyə rəhbərlik edən AMEA Rəyasət Heyətinin elmi katibi, fil.ü.f.d., dos. Hikmət Quliyev tələbələri AMEA Folklor İnstitutunun direktoru vəzifəsini icra edən, fil.ü.f.d., dos. Afaq Ramazanovaya təqdim edib.
Görüşdə Folklor İnstitutunda aparılan elmi-tədqiqat işləri, əldə olunan mühüm nailiyyətlər, dövri nəşrlər barədə geniş məlumat verilib, son dövrlərdə nəşr olunan elmi monoqrafiyalar və yeni toplanılmış folklor örnəklərindən ibarət kitablardan söz açılıb. Görüş zamanı tələbələri maraqlandıran mövzular, o cümlədən folklorun toplanılması, akademik prinsiplər əsasında araşdırılması məsələləri müzakirə olunub.
Qeyd edək ki, tələbələrin elmi-tədqiqat təcrübəsi dekabr ayının sonunda başa çatacaq.