“Qopuz mənşəli saz alətləri” adlı monoqrafiya çapdan çıxıb

“Qopuz mənşəli saz alətləri” adlı monoqrafiya çapdan çıxıb

14 Oktyabr 2024, 12:58 / Nəşrlər

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. İlhamə Qəsəbova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, fil.e.d. Mahmud Allahmanlının həmmüəllifliyi ilə “Qopuz mənşəli saz alətləri” adlı monoqrafiya nəşr olunub.

Monoqrafiya türk xalqlarının zəngin mədəniyyət tarixini qopuz, təmbur, çoğur, saz və s. timsalında izləmək və aydınlaşdırmaq məqsədi daşıyır. Ucu-bucağı görünməyən bir sənət ənənəsinə bağlanan bu əsrarəngizlik toplumun etnoqrafik mükəmməlliyinin göstəricisidir, tarixi mənzərənin, yaşam tərzinin, mənəvi zənginliyin əks-sadası olaraq bəşər sivilizasiyasına əvəzsiz töhfə vermə istəyi və amalı ilə səciyyələnir. Bütün bunlar şəriksiz mədəniyyət olan ozan-aşıq sənətinin ilkin çağlardan günümüzə qədərki mənzərəsini təfərrüatlı şəkildə təkrarən geniş ictimaiyyətə təqdim etmək istəyindən meydana gəlmişdir. Aparılan tipoloji təhlillər bunları əks etdirmək amalına bağlanır.

“Zərdabi” nəşriyyatında işıq üzü görən kitab türk, fars, ingilis dillərində də nəşrə hazırlanır.

Kitabın ideya müəllifi və maliyyə dəstəkçisi Ali Polat, elmi redaktorları isə prof. dr. Cabbar İşankul, prof. dr. Feyzan Göher Balçın və prof. dr. Şakir İbrayevdir.