Folklor İnstitutunun nəşrləri X Bakı Beynəlxalq Kitab Sərgisində  nümayiş olunub

Folklor İnstitutunun nəşrləri X Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunub

08 Oktyabr 2024, 17:00 / Konfranslar, İclaslar

02-08 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi keçirilib. Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilib. Sərgiyə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qatılıb.

Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak ediblər.

Beynəlxalq Kitab Sərgisi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında tədbirlər təşkil olunub.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası üçün ayrılmış xüsusi zonada – P1-413 nömrəli stenddə Folklor İnstitutunun nəşrləri də yer alıb. Stenddə institutun nəşr etdiyi folklor antologiyaları, monoqrafiyalar, elmi araşdırmalardan ibarət toplular sərgilənib.

Folklor İnstitutunun kollektivi X Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət edərək sərgidə nümayiş olunan müxtəlif stendlərlə yaxından tanış olub.