XƏBƏRLƏR

Folklor İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda məruzə ediblər
04-05 oktyabr 2024-cü il tarixlərində Türkiyənin Ankara şəhərində XI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilib. Uşaq və Gənclik Ədəbiyyatı Yazarları Birliyi, TÜRKSOY və UNESCO-nun Türkiyə Milli Komissiyasının təşkilatçılığı ilə keçirilən simpozium “Nağıl, dastan, əfsanə, mifologiya, xalq ədəbiyyatı və qeyri-maddi mədəni irs” mövzusuna həsr olunub.
Simpoziumda AMEA Folklor İnstitutunun əməkdaşlarının məruzələri də onlayn formada dinlənilib. İnstitutun Aşıq yaradıcılığı şöbəsinin baş elmi işçisi, fil.e.d., prof. Ramil Əliyev “Cırtdan nağılındakı div və cücə obrazlarının mifoloji semantikası”, Mifologiya şöbəsinin aparıcı elmi işçiləri – fil.ü.f.d., dos. Elçin Qaliboğlu “Azərbaycanın Şirvan bölgəsində uşaq oyunları”,
fil.ü.f.d., dos. İlhamə Qəsəbova “Arxaik yaddaşdan günümüzədək saz alətləri”, fil.ü.f.d., dos. Məleykə Məmmədova “Azərbaycan və Anadolu mədəniyyətində daş oyunları”, Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisiləri – fil.ü.f.d., dos. Vəfa İbrahimova “Şərqi Anadoluda – İğdırda keçirilən dramatik oyunların ingiliscə qaynaqlarda araşdırılması”, fil.ü.f.d. Şəhla Hüseynli “Azərbaycan uşaq nağıllarında formullar”, həmin şöbənin kiçik elmi işçisi Qumral Mirzəyeva “Naxçıvan xalq mədəniyyətində uşaqlar üçün icra edilən qırxtökmə mərasimi”,
Cənubi Azərbaycan folkloru şöbəsinin böyük elmi işçisi Sürəyya Əlizadə “Azərbaycan və ərəb tapmacalarının xüsusiyyətləri” və Azsaylı xalqların folkloru şöbəsinin kiçik elmi işçisi Cəmilə Novruzova “Laylalar – folklorun ilahi gücü” mövzularında məruzə ediblər.