Folklor İnstitutunda “XIX əsr Azərbaycan dramaturgiyası və folklor” mövzusunda mühazirə dinlənilib

Folklor İnstitutunda “XIX əsr Azərbaycan dramaturgiyası və folklor” mövzusunda mühazirə dinlənilib

30 Sentyabr 2024, 17:00 / Konfranslar, İclaslar

30 sentyabr 2024-cü il tarixində AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova institutda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlara “XIX əsr Azərbaycan dramaturgiyası və folklor” mövzusunda mühazirə deyib. Mirzə Fətəli Axundzadə və Nəcəf bəy Vəzirovun dramaturgiyasına atalar sözləri, məsəllər, lətifələr, xalq dramları və s. folklor janrlarının təsiri məsələlərindən söz açan alim bildirib ki, bu dövrdə yazılmış dram əsərlərində istifadə olunan folklor elementləri həmin əsərlərə millilik, yeni təravət gətirmiş, pyeslərin satirik ruhunu gücləndirmiş, yazıçıların demokratik ideyalarını, ədəbiyyata gətirdikləri müasirlik və yeniliyi xalqa sadə və aydın dillə çatdırmaq imkanı yaratmışdır.

“Xalq yaradıcılığı xalqla birgə inkişaf edərək, hər dövrdə onun istək və arzularının, həyat təcrübəsinin ən saf və səmimi ifadəçisi olmuşdur. Zəngin folklor nümunələrindən bolluca, yerli-yerində istifadə edən M.F.Axundzadə və N.Vəzirov kimi ədiblərin pyeslərində təsvir olunan surətlərin canlı olması hər şeydən əvvəl onların xalq həyatına, xalqın mənəvi xəzinəsinə daha dərindən bələdliyinin nəticəsidir”, – deyə alim vurğulayıb.

Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb və geniş elmi diskussiyaya səbəb olub.