Əməkdaşımız “Folklor və yazılı ədəbiyyat əlaqələrində janr sintezi” mövzusunda mühazirə deyib

Əməkdaşımız “Folklor və yazılı ədəbiyyat əlaqələrində janr sintezi” mövzusunda mühazirə deyib

24 Sentyabr 2024, 10:18 / Mühüm hadisələr

Folklor İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir.

24 sentyabr 2024-cü il tarixində AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova “Folklor və yazılı ədəbiyyat əlaqələrində janr sintezi” mövzusunda mühazirə deyib. Mühazirədə bildirilib ki, folklor və yazılı ədəbiyyatın qarşılıqlı təsiri məsələlərinin araşdırılmasında janrların sintezi, janr hibridləşmələri başlıca yer tutur. Bu proses daha çox müasir ədəbi mərhələdə geniş yayılıb. Nağıl, dastan kimi şifahi epik növün yaradıcı sintezi əsasında ədəbiyyatda nağıl-hekayə, nağıl-povest, mif-roman, dastan-hekayə, dastan-povest, dastan-roman, dastan-pyes kimi janr hibridləşmələri yaranıb.

Alim müasir dövrdə yazıçıların folklorun struktur modelindən, obraz və motivlərindən, eləcə də şifahi xalq yaradıcılığının bədii vasitələrindən bəhrələnmə imkanlarından söz açıb, fikrini janr hibridləşməsi əsasında yazılmış müxtəlif əsərlərdən nümunələr gətirməklə əsaslandırıb.  

Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.