XƏBƏRLƏR
“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib
Sentyabrın 13-də AMEA Folklor İnstitutu və “Folklorçular” İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə AMEA Folklor İnstitutunun direktor müavini, fil.ü.f.d., dos. Afaq Ramazanova açaraq konfransın bütövlükdə Azərbaycan, eləcə də ümumtürk folklorunun ayrılmaz tərkib hissəsi olan Qərbi Azərbaycan folklorunun müasir vəziyyətinin öyrənilməsi, regional özünəməxsusluğunun üzə çıxarılması, Qərbi azərbaycanlıların tarixi torpaqlarından deportasiyası və bunun bölgə folkloruna təsirinin öyrənilməsi məqsədilə keçirildiyini qeyd edib. O, tədbirin Azərbaycan folklor coğrafiyasında özünəməxsus ənənələrə sahib olan bu bölgənin şifahi irsinin daha geniş miqyasda tədqiqinə imkanlar yaradacağına, yeni-yeni araşdırmaların meydana çıxacağına inamını ifadə edib.
Sonra fil.e.d., dos. Ağaverdi Xəlil “Qərbi Azərbaycan mərasim folklorunun aktual problemləri”, fil.ü.f.d. Semiha Özel Yaman “Göç olgusu bağlamında Mevlüt Süleymanlı’nın “Göç” romanı”, fil.ü.f.d., dos. Afaq Ramazanova “SMOMPK-da İrəvan mərasimləri”, fil.ü.f.d., dos. İlhamə Qəsəbova “Göyçə-Qazax aşıq mühitlərinin sənət əlaqəsi”, fil.e.d., prof. Elmira Məmmədova-Kekeç “Qərbi Azərbaycanın Dəstəgird qəsəbəsində ziyarət yerləri” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Qərbi Azərbaycanın şifahi irsinin müxtəlif aspektlərdən araşdırılmasını əhatə edən müxtəlif məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.
Sonda məruzəçilərə sertifikatlar təqdim olunub.