Tanınmış jurnalist Folklor İnstitutunun qonağı olub

Tanınmış jurnalist Folklor İnstitutunun qonağı olub

04 Sentyabr 2024, 21:05 / Qonaqlar

Sentyabrın 4-də tanınmış jurnalist, Azərbaycan Respublikasının “Tərəqqi” medalı, həmçinin Özbəkistanın jurnalistika sahəsində “Altın qalam” milli mükafatı laureatı, hazırda “Xalq qəzeti”nin Özbəkistan, Qırğızıstan, Tacikistan və Pakistan üzrə xüsusi müxbiri Qulu Kəngərli AMEA Folklor İnstitutunun qonağı olub.

Folklor İnstitutunun direktoru vəzifəsini icra edən, fil.ü.f.d., dos. Afaq Ramazanova qonağı səmimi qarşılayaraq, institutun fəaliyyəti, inkişaf perspektivləri barədə geniş məlumat verib.

Görüşdə institutun elmi katibi, fil.ü.f.d., dos. Elçin Abbasov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Şamil, Sənədlərlə iş şöbəsinin müdiri Afaq Mustafayeva, AMEA Folklor İnstitutu Həmkarlar Təşkilatının sədri, fil.ü.f.d., dos. Aynur İbrahimova və bir qrup əməkdaş iştirak edib, türk xalqlarının mədəni irsi mövzusunda maraqlı fikir mübadiləsi aparılıb.

Qulu Kəngərli Daşkənddəki “Renessans press” nəşriyyatında azərbaycan və özbək dillərində işıq üzü görən, Mərkəzi Asiyada yaşayan tanınmış azərbaycanlıların həyatından bəhs edən “Keçmiş unudulmayanda tarixə dönür” adlı kitabını Folklor İnstitutunun kitabxanasına bağışlayıb.

Sonda qonağa institutda nəşr olunan kitablar, elmi jurnallar, disklər hədiyyə olunub və xatirə şəkilləri çəkilib.