Folklor İnstitutunun əməkdaşı “Durna teli” verilişində “Koroğlu” dastanından danışıb

Folklor İnstitutunun əməkdaşı “Durna teli” verilişində “Koroğlu” dastanından danışıb

16 İyul 2024, 11:48 / Mühüm hadisələr

İyulun 12-də AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova Azərbaycan radiosu ilə Türkiyənin TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişinin canlı yayımında qonaq olub.

Türk dünyasında yayımlanan bir saatlıq verilişdə “Koroğlu” dastanının dünya eposşünaslığında yeri, variant və versiyaları, eposun toplanması və nəşri məsələləri, eləcə də yazılı ədəbiyyatda davam edən dastan ənənələri müzakirə mövzusu olub. 

Əməkdaşımız bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra mənəvi abidələrə marağın artması, qeyri-maddi irsə münasibətin yeni səviyyəyə qalxması özündə mənəvi dəyərlərin böyük arsenalını qoruyub saxlayan milli eposa elmi diqqətin də yüksəlməsinə səbəb olmuşdur. Bu tendensiyanın bir göstəricisi kimi son illərdə “Koroğlu” mövzusunda müxtəlif səpkili və müxtəlif aspektlərdə çoxsaylı elmi tədqiqatlar ortaya çıxmışdır. Məlum olduğu kimi, qəhrəmanlıq eposu xalqın mənəviyyatının və milli ideologiyasının aynası olduğundan həm eposun özü, həm də onunla bağlı araşdırmaların yönü və məqsədi folklorşünaslıq üçün daim aktual mövzulardan biri olaraq qalır. Bu baxımdan az qala bir əsrlik tarixə malik Azərbaycan koroğluşünaslığının tarixinin, onun dünya eposşünaslığında yeri və mövqeyinin, əldə etdiyi elmi təcrübənin ümumiləşdirilməsi gələcək perspektivlərin müəyyənləşdirilməsi üçün də mühüm əhəmiyyət kəsb edir. Mövzunun aktuallığını şərtləndirən digər bir məsələ də Azərbaycan xalqının qeyri-maddi irsinin beynəlxalq səviyyədə tanıdılması və qorunması ilə bağlı gedən proseslərə yardımçı olacaq daha bir konkret informasiya bazasının yaradılmasıdır.

“Bütün bunlar göstərir ki, Azərbaycan koroğluşünaslığı dünya eposşünaslığının təcrübəsindən istifadə edərək və özü də bu eposşünaslığa layiqli töhfələrini verərək daim inkişaf etmiş və təkmilləşmişdir. Azərbaycan eposşünaslığı böyük bir elmi bazaya sahibdir və onun gələcək perspektivləri özünün yeni-yeni araşdırıcılarını gözləyir”, – deyə A.İbrahimova vurğulayıb.