Folklor İnstitutunda 26 İyun –Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

Folklor İnstitutunda 26 İyun –Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

26 İyun 2024, 13:43 / Konfranslar, İclaslar

25 iyun 2024-cü il tarixində AMEA Folklor İnstitutunda 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilib. İnstitutun Qadınlar Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirə qonaq qismində I Qarabağ müharibəsi iştirakçısı Kamran Xəlilov da dəvət olunub.

Tədbiri giriş sözü ilə Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva açıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun müstəqillik tariximizə yazdığı şanlı Zəfərlə dünyaya sübut olundu ki, 106 illik şərəfli tarixə sahib olan bu Ordu üzərinə düşən istənilən missiyanı layiqincə yerinə yetirməyə qadirdir.

Sonra Folklor İnstitutunun Təhsil şöbəsinin baş mütəxəssisi Sevinc Hüseynovanın “Xüsusi Təyinatlı Qüvvələrin sələfləri Qorçular” mövzusunda məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, “əsas vəzifəsi antiterror, antipartizan, xüsusi kəşfiyyat, birbaşa əməliyyat, qeyri-ənənəvi müharibə və s. olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 30 aprel 1999-cu ildə yaradılıb. Lakin tarixə nəzər salsaq, görərik ki, müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərdə ordunun içindən daha güclü, bacarıqlı, bir sözlə, döyüş taktikası üçün bütün üstün kriteriyalara malik döyüşçülər daim ən ağır döyüş nöqtələrinə göndərilirdi. Səfəvilərin hakimiyyəti dövründə güclü ordu sistemi yaradılaraq, vahid komandanlıq altında birləşdirildi. O dövrün xüsusi təyinatlıları Qorçular hesab edilirdi”. S.Hüseynova tarixi mənbələrə istinad edərək, “Qorçu” sözünün etimologiyasından da bəhs edib.

Daha sonra söz tədbirdə qonaq qismində iştirak edən I Qarabağ müharibəsi iştirakçısı Kamran Xəlilova verilib. O, keçdiyi döyüş yolundan, cəbhə təəssüratlarından söz açıb. K.Xəlilov belə bir tədbirə dəvət olunduğu üçün təşkilatçılara təşəkkürünü bildirib.

Daha sonra institutun Nəşriyyat şöbəsinin müdiri, I Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Mahir Cavadov, Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, I Qarabağ müharibəsi veteranı Şakir Albalıyev çıxış edərək, ordu quruculuğu sahəsində qazanılan uğurlardan, 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlıqlarındən danışıblar.

Sonda Qadınlar Təşkilatının sədri, fil.ü.f.d. Xəyalə Ağayeva tədbir iştirakçılarına təşəkkürünü bildirib.